
“Sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsi gələn il tamamlanacaq” — Yenilənib
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev altı dəfə Azərbaycana səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın inkişafına yönəlmiş ortaq iradəmizin göstəricisidir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdəki aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqelər hazırlamağa imkan verir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində deyib. “Fürsətdən istifadə edərək işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşasına görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib və hazırda 100-ə yaxın uşaq burada təhsil alır” - dövlət başçısı bildirib. *** Prezident həmçinin bildirib ki, 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20% artaraq 3,5 milyon tondan çox olub: “Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli kommunikasiyanın təmin edilməsində əsas rol oynayır. 2022-ci ildə Aktau şəhərində Türkiyə, Azərbaycan və Qazaxıstandan keçən Orta Dəhlizinin inkişafı və istismarı üzrə 2022–2027-ci illər üçün “Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların sadələşdirilməsini, əlavə yük daşımalarının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişaf etdirilməsini və digər əsas məsələlərin həllini nəzərdə tutur. Əhəmiyyətli infrastruktur layihələrindən biri Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb. İşlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək”.
Şərh verin