Daha 6 Azərbaycan vətəndaşı Suriyadan gətirildi — Fotolar - Yenilənib
Suriyadan 6 nəfər (2 qadın və 4 uşaq) Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. “Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlı Suriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər də keçirilib. Qeyd edilib ki, xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək. *** Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Azərbaycan hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 6 nəfər vətəndaşımız qurumun tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib. Onlardan 4-ü uşaq, 2-si isə qadındır. Repatriasiya olunmuş şəxslərlə hazırda Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir. Qeyd edilib ki, növbəti mərhələdə isə həmin şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək.

Şərh verin