Yüzlərlə insanın yoluxduğu xəstəliyin səbəbi bu tərəvəz imiş - Yumaq da bəs eləmir

Avropada on yeddi ölkədə yüzlərlə insanın yoluxduğu Salmonella epidemiyasının səbəbi müəyyənləşdib. Milli.Az xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə təhlükəli bakteriyanın mənbəyi İtaliyanın Siciliya adasından ixrac olunan kiçik pomidorlardır. Araşdırma nəticəsində məlum olub ki, 2011-2024-cü illər arasında Böyük Britaniya, Almaniya, Avstriya və daha 14 Avropa ölkəsində ümumilikdə 643 "Salmonella Strathcona" hadisəsi qeydə alınıb. Mütəxəssislər bildiriblər ki, bütün nümunələrdə bakteriyanın genetik quruluşu 95 faiz oxşarlıq göstərir və bu da yoluxmaların ortaq bir mənbədən yayıldığını sübut edir. ECDC ekspertlərinin fikrincə, Siciliya pomidorları uzun illərdir bakteriya daşıyıcısı ola bilər. Onlar xəbərdarlıq ediblər ki, pomidorları sadəcə yumaq xəstəliyin qarşısını almağa kifayət etmir. Artan yoluxma hallarından sonra İtaliya Səhiyyə Nazirliyi ölkə üzrə satılan iki növ albalı pomidoru ilə bağlı təcili yoxlama və analiz proqramı başladıb. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) də son aylarda ölkədə 30-dan çox yeni yoluxma halı aşkarlandığını bildirib. Yoluxmaların əksəriyyəti iyun-oktyabr aylarında baş verdiyi üçün mütəxəssislər mövsümi epidemiya ehtimalını da istisna etmir. Hazırda Avropanın bir çox ölkəsində Siciliya mənşəli pomidorların satışına nəzarət gücləndirilib. İsmayıl Milli.Az