Neftçalanın icra başçısı səyyar görüş keçirdi — Fotolar
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yuxarı Qaramanlı kəndinin sakinləri ilə səyyar görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Yuxarı Qaramanlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib. Çıxışçılar “Prezident İlham Əliyevin qətiyyətli iradəsi, ölkəmizin beynəlxalq nüfuzunu və siyasi çəkisini durmadan yüksəldir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, müasir dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər, dövlətimizin beynəlxalq arenada qazandığı etimad və nüfuz, eləcə də regionda formalaşdırdığı yeni reallıqlar Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən və prinsipial siyasətinin nəticəsidir. RİH-in başçısı qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində ölkəmiz 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm qələbə, yalnız hərbi gücün deyil, həm də diplomatik bacarığın, milli birliyin və güclü liderliyin nəticəsidir. Müharibədən sonrakı dövrdə isə ölkə başçısının təşəbbüsü ilə işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış prosesi uğurla icra olunur. Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü sülh təşəbbüsləri, regional kommunikasiyaların açılması və əməkdaşlıq platformalarının yaradılması yönündə atdığı addımlar, ölkəmizin sülhsevər siyasətinin və konstruktiv yanaşmasının bariz nümunəsidir. Prezident İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi prinsipial mövqe Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib. Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib. Səyyar qəbul zamanı vətəndaşlar, əkin və həyətyani sahələrinin suvarılmasına köməklik, DOST MMC-də müqavilə müddəti bitən əməkdaşların yenidən bərpa olunması, ərazidə heyvanlar arasında yayılan dabaq xəstəliyinə qarşı mübarizə, şəhid ailəsinin ev növbəliliyinə götürülməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Şərh verin