Şahzadənin oğlu narkotik istifadə edirmiş - Həbsdən yeni çıxmışdı... - FOTO

Norveç vəliəhd şahzadəsi Mete-Maritin oğlu Marius Borg Hoiby barəsində yazılmış yeni kitab ölkədə geniş müzakirələrə səbəb olub. Milli.Az xarici mediaya istinadla xəbər verir ki, "Hvite striper, sorte far" ("Ağ xətlər, qara qoyunlar") adlı kitabda 28 yaşlı Hoibynin kral sarayının yaxınlığında kokain satdığı iddia olunur. Lakin Hoiby bu iddiaları qəti şəkildə rədd edib. Onun vəkilləri Ellen Holager Andenæs və Petar Sekuliç Norveçin NTB xəbər agentliyinə açıqlamalarında müştərilərinin narkotik maddə satışında iştirak etmədiyini bildiriblər: "Marius Hoiby kokain istifadə etdiyini etiraf edir, lakin satdığı barədə deyilənlər tamamilə yalandır", - deyə vəkillər vurğulayıblar. Oslo polisi də bu iddialarla razılaşmayıb. Rəsmi açıqlamada bildirilib ki, şahzadənin oğlu əvvəllər narkotik təsiri altında müşahidə edilsə də, onun narkotik alveri ilə məşğul olduğuna dair heç bir sübut yoxdur. Norveç kral ailəsinin sözçüsü Guri Varpe kitabı "yalanlar, sənədlərlə təsdiqlənməmiş iddialar və anonim mənbələrə əsaslanan eyhamlar toplusu" adlandırıb. Kitabın çərşənbə günü satışa çıxarılması planlaşdırılsa da, bir neçə media qurumuna əvvəlcədən sızdırıldığı üçün dərhal yayımlanıb. Qeyd edək ki, Marius Borg Hoiby 2024-cü ildən etibarən mətbuatın diqqət mərkəzindədir. O, o vaxt spirtli içki və kokainin təsiri altında keçmiş sevgilisinə qarşı zorakılıq göstərdiyini etiraf etmişdi. Həbsdən azad edildikdən sonra o, müalicə proqramına qoşulmuşdu. İndi isə məhkəmə prosesi ərəfəsində yenidən asılılıq terapiyasına başladığı bildirilir. Fidan Milli.Az