Yer kürəsinin ən isti nöqtəsi: 80,8°C-lik istilik rekordu

Dünya üzrə indiyə qədər qeydə alınmış ən yüksək səth temperaturu İranın şərqində yerləşən Dəşt-e Lut səhrasında ölçülüb. Peyk müşahidələrinə əsasən, burada kölgədə 80,8°C temperatur qeydə alınıb. Bu göstərici Yer planetinin mütləq istilik rekordu hesab olunur. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu inanılmaz nəticə 2005-ci ildə əldə edilib və o vaxtdan bəri dünyanın heç bir bölgəsində bu qədər yüksək temperatur müşahidə edilməyib. "Təbiətin sobalarından biri" Mütəxəssislərin fikrincə, Dəşt-e Lut səhrasının özünəməxsus coğrafi və geoloji quruluşu buranı "təbiətin sobalarından biri"nə çevirir. Qaranlıq rəngli çınqıllı səth günəş şüalarını güclü şəkildə udur, ətrafdakı dağ silsilələri isə rütubətli hava axınlarının bu əraziyə daxil olmasına mane olur. Bitki örtüyünün tamamilə olmaması və çox aşağı rütubət nəticəsində səthin temperaturu kritik həddə yüksəlir. Belə şəraitdə su torpağa hopmadan dərhal buxarlanır. Daşlar belə əriməyə başlayır Elm adamlarının bildirdiyinə görə, bəzi növ qayalar 60°C-dən yuxarı temperaturda əriməyə başlayır və nəticədə təbii şüşəni xatırladan maddə əmələ gəlir. Dəşt-e Lut səhrasında bu proses tamamilə təbii şəkildə baş verir - bu isə Yer üzündə çox nadir hadisədir. Hətta Sahara və ya ABŞ-ın Ölüm Vadisi kimi ən isti bölgələrdə belə temperatur bu səviyyəyə çatmır. Yaşamaq mümkün deyil Səhranın mərkəz hissəsində daimi əhali yoxdur, çünki burada yaşamaq üçün şərait demək olar ki, yoxdur. Yalnız köçəri tayfalar ilin nisbətən sərin dövrlərində səhranın kənarlarından keçirlər. Elm və macəra üçün ekstremal məkandır Bu gün də alimlər Dəşt-e Lut səhrasında araşdırmalar aparır, məqsəd isə canlıların ekstremal şəraitə uyğunlaşma həddini öyrənməkdir. Dəşt-e Lut tədqiqatçılar tərəfindən "Yer üzündə Marss şəraitinə ən çox bənzəyən yer" kimi təsvir olunur və planetimizin ən isti nöqtəsi statusunu qoruyub saxlayır. Musa Milli.Az