“Apple” ən bahalı kompüteri ilə bağlı qərar verdi

ABŞ-nin “Apple” şirkəti artıq özünün ən bahalı kompüteri olan “Mac Pro” modelini yeniləməyi planlaşdırmır. “Qafqazinfo”nun “Bloomberg”ə istinadən məlumatına görə, 2023-cü ilin ortalarında satışa çıxarılan son “Mac Pro” versiyası köhnəlmiş “M2 Ultra” prosessoru ilə işləyir və ilk dəfə 2019-cu ildə təqdim olunan eyni dizayna malikdir. Şirkət mənbələri bildirir ki, bu modelin növbəti versiyası, çox güman ki, hazırlanmayacaq. Qeyd edək ki, “Mac Pro” “Apple”ın ən yüksək qiymətli kompüteridir və hazırda 7 min dollara satılır. Onun yerini tədricən daha güclü “M4 Max” çipi və 36 GB RAM-la təchiz edilən, qiyməti isə xeyli aşağı – 2 min dollardan başlayan “Mac Studio” modeli tutur.