Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq

"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakıətrafı dəmir yolu nəqliyyatında genişmiqyaslı yenidənqurma və inkişaf layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə Milli.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib. Plana əsasən, 2030-cu ilədək Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı hazırkı 15-dən 40-a çatdırılacaq. Layihə çərçivəsində Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası planlaşdırılır. Həmçinin bu istiqamətlər üzrə mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur. Bundan əlavə, Bakı-Xırdalan-Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. Bakı-Pirşağı-Sumqayıt xəttində isə Kürdəxanı, Fatmayı və Saray dayanacaqlarının tikilməsi, həmçinin Nəriman Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi nəzərdə tutulur. Qeyd olunur ki, yaxın illərdə dayanacaqların sayı ilkin mərhələdə 22-yə, 2030-cu ilədək isə ümumilikdə 40-a çatdırılacaq. Milli.Az