Moskva 100 min ermənini Ermənistana göndərmək istəyir — 50 milyon dollar xərcləyəcəklər

Qərb kəşfiyyatı Rusiyanın Ermənistanda gələn ay keçiriləcək parlament seçkilərinə müdaxilə etmək üçün gizli əməliyyatları genişləndirdiyini iddia edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Qərbin beş kəşfiyyat rəsmisinə və gizli sənədlərə istinadən geniş araşdırma materialı dərc edib. Məlumata görə, iyunun 7-də keçiriləcək seçkilər öncəsi Kremlin planlarına həm rusiyayönümlü namizədlərin xeyrinə dezinformasiya kampaniyaları, həm də səsvermənin nəticəsini dəyişmək üçün on minlərlə Rusiya ermənisini mütəşəkkil şəkildə İrəvana daşımaq daxildir. Kəşfiyyat mənbələrinin məlumatına görə, Kremlin seçkilərdə əsas favoriti hökuməti devirməyə çağırış ittihamı ilə hazırda məhkəməsi davam edən erməni əsilli rusiyalı milyarder Samvel Karapetyandır. Karapetyan isə öz növbəsində ittihamları rədd edir. Ermənistan qanunvericiliyinə görə, xaricdə yaşayan vətəndaşların səsvermə hüququ yoxdur. Bu səbəbdən Kreml tərəfindən yaradılmış “Strateji Əməkdaşlıq və Tərəfdaşlıq Direktorluğu” Rusiyada yaşayan 2 milyondan çox ermənidən istifadə etməyi planlaşdırır. Mənbələr iddia edir ki, Moskva 100 min seçicinin mütəşəkkil şəkildə Ermənistana daşınmasının logistika xərclərini 50 milyon dollar dəyərində hesablayıb və Rusiya regionları arasında artıq xüsusi kvotalar bölüşdürülüb. Buna baxmayaraq, rəy sorğuları Paşinyanın “Mülki Müqavilə” partiyasının 30% səslə lider olduğunu, Karapetyanın “Güclü Ermənistan” partiyasının isə cəmi 6% səs topladığını göstərir. Rusiya XİN isə Ermənistanın daxili işlərinə qarışmaq iddialarını “casusluq maniyası” adlandıraraq ittihamları rədd edib.