Azərbaycana deyilən Almaniyaya deyilsəydi... — Mertsin “meymun işi”
Almaniya Kansleri Fridrix Mertsin Heilbronn şəhərinə səfərindən bəhs edən rəsmi xəbər qeyri-adi reaksiya doğurub. Belə ki, yerli polis feysbuk üzərindən bu xəbərə yazılmış 400 şərhi araşdırıb. Şərhlərdən 38-i şübhəli hesab edilib və hüquqi ölçü götürülməsi üçün prokurora göndərilib. Sosial media fəallarından biri o şərhlərdə Mertzi “Lackaffe” adlandırıb. Alman dilində hərfi mənası “bəzənmiş meymun” olan bu ifadə həm də “məğrur səfeh”, “lovğa tip” anlamını daşıyır. Heilbronn Prokurorluğu bu rəyi “siyasi xadimə qarşı təhqir” kimi qiymətləndirib. Məhkəmədən müəllif haqqında “30 günlük gəlir əsaslı pul cəriməsi” kəsilməsini istəyib. Yekun olaraq məhkəmə 100 avro məbləğində cərimə ödənişi qarşılığında proses i yekunlaşdırıb. Mövzunu xəbər gündəminə daşıyan əsas səbəb isə 100 avroluq cərimələr deyil. Problem Almaniyada yüksəkçinli məmurlara qarşı sosial şəbəkələrdə yazılan tənqidlərin hüquqi məsuliyyət doğurması, son illərdə bu yöndə keçirilən məhkəmələrin kəmiyyətinin artmasıdır. Mertz dövründə prokurorların sosial media şərhlərini sistemli şəkildə araşdırması ölkə mediasında və hüquq müdafiəçiləri arasında ciddi debat, narahatlıq yaradıb. Almaniyalı ekspertlər qeyd edirlər ki, “meymun işi” (lackaffe) ölkədə ifadə azadlığının gerçək durumunu, Fridrix Merts hökumətinin demokratik dəyərlərə yanaşmasının əsl mahiyyətini əks etdirir. Üzdə insan haqları, söz və ifadə azadlığı çağırışları, reallıqda isə demokratiyaya zidd addımlar müşahidə olunur. Yəni sosial media fəalları “meymun işi”ni qabartmaqla 2 hədəf güdürlər: bir tərəfdən onun məhkəmə keysinin rəsmi adı kimi qabardaraq, cəzanın mahiyyətinə etiraz edirlər. Digər tərəfdən isə bu adın fonunda Fridrix Merts siyasətinin xarakterini açmağa çalışırlar. Kanslerin “siyasi kursunu” “meymun oyunu”na bənzədirlər. Monitorinq mərkəzləri qeyd edirlər ki, Fridrix Mertsin hakimiyyəti dövründə sosial media üzərindən ona və komandasına yönəlik tənqid yazanlara qarşı 100-lərlə məhkəmə işi açılıb. Bəzi hallarda ayrı-ayrı şəxslərin evlərində axtarış lar aparılıb, telefonları müsadirə edilib. Proses təkcə sosial media istifadəçilərini deyil, həm də peşəkar jurnalistləri əhatə edib. Məsələn, “Deutschland-kurier” qəzetinin baş redaktoru David Bendels 2025-ci ilin aprel ayında federal daxili işlər naziri Nensi Faeserin manipulyasiya edilmiş şəklini “X”də paylaşdığına görə böhtan maddəsi ilə 7 aylıq şərti həbs cəzasına məhkum edilib. Həmçinin “Der Spiegel“ jurnalının redaktoru Claas Relotius 2018-ci ildə saxtalaşdırılmış faktlar və uydurma müsahibələr dərc etdiyinə görə işlədiyi media qurumundan uzaqlaşdırılıb. Ona verilmiş mükafat və fəxri adlar geri alınıb və sair. Yeri gəlmişkən qeyd edək ki, Almaniyada siyasətçilərin şərəf və ləyaqətinin hüquqi müdafiəsini təmin edən sərt qaydalar mövcuddur. AFR Cinayət Məcəlləsinin (StGB) 188-ci maddəsinə əsasən, siyasətçini “ictimai fəaliyyətinə əhəmiyyətli dərəcədə mane ola biləcək” şəkildə təhqir edən hər kəs 3 ilə qədər həbs cəzası və ya cərimə ilə cəzalandırıla bilər. AFR qanunvericiliyinin özəlliyi budur ki, o, təkcə tənqid və təhqir hesab edilən məzmunu paylaşanlar üçün deyil, həm də bu paylaşımlara yer verən platformalar üçün məsuliyyət müəyyənləşdirir. Sosial şəbəkə platformaları qanunsuz məzmunu silmək, şikayət mexanizmini optimallaşdırmaq, şəffaflıq hesabatları təqdim etmək kimi öhdəliklər daşıyırlar. Bu öhdəliklər Almaniyada hələ 2018-ci ildən qüvvəyə minmiş “Facebook Aktı” və ya “Sosial şəbəkələrdə qaydaların tətbiqi Aktı” adlandırılan “Netzwerkdurchsetzungsgesetz” qanun u ilə tənzimlənir.Qanuna əsasən, şəbəkə platformaları Almaniyada şikayət edilən qanunsuz məzmunu dərhal silməlidirlər. Həmçinin sosial şəbəkə operatorları Almaniyada hüquq-mühafizə orqanlarının sorğularına cavab verməyə borcludurlar. Bu tələblərə riayət etməyən platformaları 10 milyonlarla avro məbləğində cərimə lər gözləyir. Beynəlxalq təşkilatlar qeyd edirlər ki, Fridrix Merts komandası özünə qarşı tənqid və təhqirləri məhdudlaşdırmaq üçün bu qanundan maksimum dərəcədə faydalanır. “Meymun işi”ndə etiraz doğuran motiv təkcə Almaniyanın hüquq müdafiəçilərini narahat etmir, həm də beynəlxalq platformalarda müzakirə edilir. “The Washington times” “Avropada söz azadlığı böhranı” başlıqlı məqaləsində yazır ki, “Avropa dövlərlərinin bir çoxunda dövlət başçısını təhqir etməyə görə cinayət məsuliyyəti yaradan qanunları var... Almaniya bu sahədə ifrat həddi keçir”. Məqalə müəllifi bunu paradoksal hal sayır. Müşahidələr göstərir ki, Fridrix Merts komandasının fəaliyyəti, həqiqətən də paradoksal nüanslarla zəngindir. “İfadə azadlığının standartlarını müəyyənləşdirmək”, “tənqidlə təhqir arasında fərq yaratmaq” adı ilə sərt informasiya qanunları qəbul edən Almaniya hökuməti nəticədə bu qanunları özü pozur. Ərazisində məskunlaşan, Azərbaycan dövlətinə, dövlət təmsilçilərinə və Azərbaycan xalqına qarşı hədyanlar yağdıran “söyüş müxalifəti”nin, “söyüş mediası”nın çərçivəsiz fəaliyyətinə şərait yaradır. Bu şəxslər mənşəcə “azərbaycanlı” olsalar da, yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrin qanunlarına tabedirlər. İndiki halda, Almaniyanın hüquqi səlahiyyəti çərçivəsindədirlər. Məsələn, “Azad söz” adlı yutub kanalı Almaniya ərazisində, Almaniya qanunları çərçivəsində təsis edilib, fəaliyyət göstərir. Onun həm Almaniyada mövcud olan informasiya qanunlarını, həm də jurnalist fəaliyyətini tənzimləyən “etik kodeks”ləri hansı formada pozduğu barədə ötən yazımızda bilgi vermişik (“Sərt qanunlar kölgəsində “söyüş mediası”: Almaniya niyə göz yumur?” başlıqlı məqalə . Almaniya hakimiyyəti öz ərazisində qanunların bu formada tapdalanmasına nə üçün göz yumur? O qanunlar yalnız Fridrix Mertsin şəxsiyyətini qorumaq üçündür, yoxsa ümumilikdə media fəaliyyətini tənzimləyir? Görəsən, Tural Sadıqlı Azərbaycan hakimiyyəti haqqında dediklərinin 10 faizini Merts haqqında desəydi, aqibəti necə olardı? Belə nəticə çıxır ki, Fridrix Merts özünün daxili siyasətində olduğu kimi, xarici siyasətində də “meymun oyunu” taktikasından faydalanır. Onun hədəfində Azərbaycan var, Türk dünyası var. Kürd separatçılarını himayəsinə alıb bəsləyən, maliyyələşdirən, istiqamətləndirən Almaniya eyni bənzər vasitələrlə Azərbaycanı vurmağa çalışır. Öz siyasətini Tural Sadıqlı kimilərin üzərindən həyata keçirməyə çalışır. Müşfiq Ələsgərli Mətbuat Şurası İdarə Heyətinin üzvü

Şərh verin