Knessetdəki bu görüntülər müzakirə yaratdı — Video

İsrail parlamentində (Knesset) keçirilən 10-cu “Jerusalem Prayer Breakfast” tədbiri çərçivəsində 38 ölkədən xristian nümayəndələr və dini liderlər bir araya gəliblər. “Qafqazinfo” xəbər verir ki, tədbirdə parlament üzvləri, hökumət rəsmiləri və xarici qonaqlar iştirak ediblər. Çıxış edən bəzi iştirakçılar öz ölkələrinin İsrailə yetərincə dəstək vermədiyini bildirərək, Tanrıdan əfv olunmalarını istəyiblər. Cənubi Koreyadan olan iştirakçılardan biri çıxışında İsrailə qarşı səsləndirilən fikirlərə görə bağışlanma dilədiyini bildirib. Çindən qatılan Sara Ju isə İsraili kifayət qədər dəstəkləmədiklərini deyərək, Tanrıdan bağışlanmalarını istəyib. Böyük Britaniyadan olan Klayv Urkhart və Ceyn Urkhart da çıxışlarında ölkələrində antisemitizm hallarına diqqət çəkərək, yəhudi xalqına daha çox dəstək göstərilməsinin vacibliyini vurğulayıblar. Tədbirdə çıxış edən bəzi iştirakçılar İsraillə münasibətlərin gücləndirilməsinin və yəhudi xalqına dəstəyin artırılmasının vacibliyini qeyd ediblər. Tədbirin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər xarici vətəndaşların İsrail parlamentində öz ölkələri adından çıxış etməsini tənqid edərək, bunu qeyri-adi hadisə kimi qiymətləndiriblər. Digər istifadəçilər isə tədbirin dini və simvolik xarakter daşıdığını bildirərək, onun fərqli ölkələrdən olan xristian icmalarının İsrailə dəstəyini nümayiş etdirmək məqsədi daşıdığını qeyd ediblər.