Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı

Sidneyin tanınmış akademiklərindən biri tələbələri "əmək sərf etməyə" və texnologiyadan istifadə edərək asan yola qaçmamağa çağırdığı köşə yazısını süni intellekt vasitəsilə qələmə alıb. Bu hadisədən sonra "Sydney Morning Herald" qəzeti vəziyyəti "qəbuledilməz" adlandıraraq həmin məqaləni internet saytından çıxarıb. Milli.Az xəbər verir ki, Qərbi Sidney Universitetinin prorektoru, professor Ket Ellis tərəfindən yazılan məqalə ötən ay akademik Kayli Mur-Gilbertin yazısına cavab olaraq dərc edilmişdi. Mur-Gilbert tələbələrin öyrənmə prosesini süni intellektə həvalə etdiyini bildirmiş və tələbələrin "ən yaxşı süni intellekt əmrini (prompt) kimin yaza biləcəyinə görə qiymətləndirildiyini" irəli sürmüşdü. Ellis isə öz cavab məqaləsində "Düşünməyi başqasına həvalə etməyin" ifadələrinə yer vermişdi. Lakin sözügedən yazı "Pangram" adlı süni intellekt analiz xidməti ilə yoxlanıldıqda, mətnin süni intellekt tərəfindən istehsal olunduğu üzə çıxıb. Universitet rəsmiləri prof. Ellisin məqaləni yazarkən süni intellektdən istifadə etdiyini təsdiqləyiblər. Sözçünün bildirdiyinə görə, professor özünə aid 40 min sözlük orijinal materialı "Copilot" adlı Böyük Dil Modelinə (LLM) yükləyib. Model bu geniş məlumat bazasını ümumiləşdirərək layihə (qaralama) üçün əsas yaradıb. Universitet rəhbərliyi böyük dil modellərinin bu şəkildə tətbiqini süni intellektin "inkişaf etmiş və münasib istifadəsi" kimi qiymətləndirib və onun akademik qaydalara uyğun olduğunu müdafiə edib. "Sydney Morning Herald" qəzetinin ana şirkəti olan "Nine"ın yayın prinsiplərinə görə, müəlliflərin araşdırma mərhələsində süni intellektdən yararlanmasına icazə verilir, lakin "Dərc olunacaq xəbərlərin və yazıların yazılmasında süni intellektdən istifadə edilə bilməz" bəndi tətbiq olunur. Lalə Qüdrətova Milli.Az