Xaricdə unitaz qapaqlarının "U" şəkilli olmasının 4 məntiqli səbəbi

Xaricə, xüsusilə də Amerika Birləşmiş Ştatlarına səyahət edənlərin diqqətini çəkən ən qəribə detallardan biri ictimai tualetlərdəki "U" şəkilli unitaz qapaqlarıdır. Evlərimizdə görməyə alışdığımız dairəvi qapaqlardan fərqli olaraq, buradakı ictimai yerlərdə önü açıq qapaqlardan istifadə olunur. Milli.Az xəbər verir ki, ilk baxışda bu, sadəcə bir dizayn fərqi kimi görünsə də, arxasında qanuni məcburiyyətlər və gigiyenik qaydalar dayanır. ABŞ-dəki santexnika qaydalarına əsasən, evlər istisna olmaqla, bütün ictimai yerlərdə önü açıq "U" şəkilli qapaqların istifadəsi tamamilə məcburidir. Bu qayda ilk dəfə 1955-ci ildə Amerika Standart Milli Santexnika Koduna daxil edilib. Bəs nə üçün məhz "U" forması seçilib? Maksimum gigiyena və təmasın qarşısının alınması Bu qapaqların dizaynında ən böyük prioritet gigiyenadır. Önü açıq olan bu qapaqlar, istifadəçilərin cinsiyyət orqanlarının qapaqla təmas etməsinin qarşısını almaq üçün boşluq yaradır. Bundan əlavə, sidiyin qapağın ön hissəsinə sıçraya biləcəyi səthi ortadan qaldıraraq daha təmiz istifadə imkanı təklif edir. Qadınlar üçün istifadə rahatlığı Beynəlxalq Santexnika və Mexanika Rəsmiləri Assosiasiyasının məlumatına görə, önü açıq unitaz qapaqlarının yaradılmasında əsas məqsədlərdən biri də qadınların tualetdən sonra silinmə (təmizlənmə) prosesini daha rahat və asan şəkildə həyata keçirmələrini təmin etməkdir. Oğurluq riskini azaldır İctimai tualetlərin dizaynı və idarə olunması üzrə ixtisaslaşmış Böyük Britaniyanın "Healthmatic" şirkətinin baş direktoru Rocer Barrinin sözlərinə görə, ictimai yerlərdə tualet qapaqlarının oğurlanması ciddi bir problemdir. "U" şəkilli qapaqların oğurlanma ehtimalı standart dairəvi qapaqlara nisbətən çox daha aşağıdır. Maliyyə qənaəti Məsələnin iqtisadi tərəfi də mövcuddur. "U" formasında dizayn edilən unitaz qapaqlarının ön hissəsi boş olduğu üçün istehsalatda daha az material sərf olunur. Bu isə böyük müəssisələr və obyektlər üçün xərcləri azaldaraq daha qənaətcil bir həll yolu təqdim edir. Lalə Qüdrətova Milli.Az