Beyləqanda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olundu — Fotolar
Bu gün 5 iyun – su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Beyləqan rayonunda tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər. Beyləqan Rayon Gənclər Evində davam edən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisi Zahid Sadıqov, su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Telman Məstanov Beyləqan RİH başçısı Əziz Əzizovun peşə bayramı münasibətilə su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşlara təbriklərini çatdırıb. O, ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinə göstərilən dövlət qayğısından, həyata keçirilən mühüm layihələrdən, su ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətindən və rayon ərazisində suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Sonra çıxış edən Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisi Zahid Sadıqov hesabat xarakterli məruzə ilə çıxış edərək cari il ərzində idarə tərəfindən görülmüş işlər, suvarma şəbəkələrinin istismarı və saxlanılması istiqamətində həyata keçirilən tədbirlər, suvarma mövsümünə hazırlıq, əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, kanalların təmizlənməsi və digər meliorativ işlər barədə ətraflı məlumat verib. O, həmçinin qarşıda duran vəzifələrdən, mövcud problemlərin həlli istiqamətində görülən işlərdən və gələcək dövrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən bəhs edib. Tədbirin sonunda su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşlara Beyləqan Suvarma Sistemləri İdarəsinin fəxri fərmanları təqdim olunub.

Şərh verin