BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub — Fotolar

Şuşa şəhərində Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğinə həsr olunmuş “Yay məktəbi” (2-5 iyun) keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirin açılışında çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma layihələrinin ölkənin iqtisadi qüdrətini və inkişaf potensialını nümayiş etdirdiyini bildirib. Sonra BMU-nun rektoru Yaqub Piriyev çıxış edərək tarixi torpaqlarımızda bir araya gəlmək, milli dövlətçilik ideyalarımızın işığında gələcəyimizi birlikdə düşünməyin unudulmaz mənəvi dəyər olduğunu vurğulayıb. Bildirib ki, “Yay məktəbi” milli yaddaşımızın, memarlıq irsimizin və dövlətçilik ənənələrimizin gənc nəslə aşılanması baxımından olduqca mühüm platformadır. Rektor keçmiş SSRİ-i dönəmində sərt qadağalara baxmayaraq, qədim Azərbaycan şəhəri Şuşanın milli simasının müəyyənləşdirilməsində Ulu Öndər Heydər Əliyevin xüsusi rolunu önə çəkib. Onun Azərbaycana rəhbərliyi dövründə Şuşada görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin ev muzeylərinin yaradılması, büstlərinin qoyulması, habelə Xankəndiyə dəmir yolunun çəkilməsi üçün gördüyü işləri diqqətə çatdırıb. Rektor Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Sovet dövründə həyata keçirilən şəhərsalma proqramlarının Azərbaycanın sənaye və sosial infrastrukturu üçün əsas yaratdığını, müstəqillik dövründə isə yeni iqtisadi və siyasi reallıqlara uyğun şəhər inkişaf modelinin formalaşdığını qeyd edib. Bu siyasi və mənəvi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma layihələri müasir şəhərsalma modelinin mühüm nümunəsinə çevrilib. “Yay məktəbi”nin növbəti günü Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu strategiyası, gənclər siyasəti və ideoloji irsinə həsr olunan seminarla davam edib. Tədbirdə BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə “Ümummilli Liderin dövlət quruculuğu strategiyası, gənclər siyasəti və ideoloji əsaslar” mövzusunda geniş məruzə ilə çıxış edib. Seminardan sonra iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub. Ardınca bilik yarışının qalibləri, “Yay məktəbi” çərçivəsində fəallığı ilə seçilən gənclər Fəxri Fərmanlarla təltif olunublar. “Yay Məktəbi”nin sonuncu günü iştirakçılar Xankəndi şəhərinə səfər edərək Qarabağ Universitetində olublar. Sonda “Yay məktəbi”nin iştirakçıları Şuşada İsa Bulağını ziyarət edib və Şuşa şəhərinin tarixi-mədəni məkanları, genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.