Zakir Fərəcov səyyar görüş keçirdi — Fotolar

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhər sakinləri ilə birbaşa ünsiyyətinin təmin olunması məqsədilə keçirdiyi səyyar görüşlər davam edir. Növbəti vətəndaş qəbulu şəhərin 9-cu mikrorayon ərazisində təşkil olunub. “Qafqazinfo” xəbər verir ki, görüşdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Sakinlər əsasən məşğulluq imkanları, sosial təminat, məhəllədaxili abadlıq işləri, infrastrukturun yenilənməsi, sosial məsələlər və digər mövzularla bağlı müraciətlər səsləndiriblər. Şəhər rəhbəri tərəfindən vətəndaş müraciətlərinin operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunması üçün aidiyyəti təşkilatlara konkret göstərişlər verilib. Qəbul zamanı qeyd olunub ki, Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq, sosial infrastrukturun yenilənməsi və şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində aparılan işlər mərhələli şəkildə davam etdirilir. Görülən tədbirlər şəhər sakinlərinin rahatlığının artırılmasına, yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Səyyar qəbulda iştirak edən vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşılmasına görə minnətdarlıqlarını bildirərək, bu cür görüşlərin əhalinin problemlərinin operativ həllində mühüm rol oynadığını vurğulayıblar.