Türkmənistanda Azərbaycan gecəsi — Fotolar

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında incəsənət ustalarımızın iştirakı ilə qala konsert təşkil olunub. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları sarayın foyesində Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil edilən “Qarabağ – milli irsin yaddaşı” adlı fotosərgi ilə tanış olublar. İşğaldan sonra Azərbaycan dövləti tərəfindən azad torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi təqdim olunan fotolarda yer alıb. Sonra Muğamlar Sarayının böyük zalında qala konsert başlanıb. Konserti mədəniyyət naziri Adil Kərimli, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, mədəniyyət, elm xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər. Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova çıxış edərək iki ölkə arasında əlaqələrin köklü tarixə malik olduğunu bildirib. Deyib ki, Türkmənistan ilə Azərbaycanı birləşdirən çox amillər var. Lakin bunların arasında mədəniyyət amili xüsusi əhəmiyyət kəsb edir. Bahar Seyidova Azərbaycanın incəsənət ustalarına uğurlar arzulayıb. Mədəniyyət naziri Adil Kərimli çıxışında Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin hökumətinə minnətdarlığını bildirib. Qeyd olunub ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr ildən-ilə inkişaf edir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mədəni əlaqələrin daha da dərinləşməsinə böyük töhfə verir. Sonra səhnə incəsənət ustalarımızın ixtiyarına verilib. Konsert milli musiqi irsimizin incilərindən sayılan “Cəngi” sədaları ilə başlayıb. Gecədə xüsusilə Azərbaycanın Xalq artisti Faiq Ağayevin rəngarəng ifaları tamaşaçılar tərəfindən böyük rəğbət və coşqu ilə qarşılanıb. Tədbirlə bağlı təəssüratlarını bölüşən Xalq artisti Faiq Ağayev Türkmənistana ilk dəfə səfər etdiyini bildirib: “Geniş nümayəndə heyəti ilə Türkmənistana Azərbaycan Mədəniyyəti Günlərini qeyd etməyə gəlmişik. Bu, mənim Türkmənistana ilk səfərimdir. Bir daha şahid olduq ki, musiqinin və incəsənətin dili yoxdur. Tamaşaçılar bizə sonsuz sevgi və alqışlar bəxş etdilər. Sevinirəm ki, mədəniyyətimiz burada belə dərin iz buraxa bildi. Şəhər çox gözəl, ölkə füsunkar, insanları isə olduqca saf və təmizdir. Çox şadam ki, bu dönəmdə dəyərli sənətkar dostlarımla birlikdə burada iştirak edirik”. Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, solistlər Nərmin Nərimanlı, Rəvanə Qurbanova, Samirə Rəcəbli, Əmrah və Aişə Orucovlar, Fatimə Cəfərzadə, Röya Mürsəlova və Sahib İsmiyev çıxış ediblər. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova da öz növbəsində Türkmənistanla bağlı xatirələrini bölüşüb, iki ölkə arasındakı mədəni körpülərin əhəmiyyətini diqqətə çatdırıb: “Bu gün dövlətlərimiz arasındakı birlik, sevgi və inkişaf zirvədədir. Dostluq və qardaşlıq əlaqələrinə görə dövlət başçılarımıza dərin minnətdarlığımı ifadə edirəm. Bakıdan gələn bütün nümayəndə heyəti Aşqabadın heyranedici inkişafını, gözəlliyini böyük maraqla izləyir. Növbəti dayanacağımız isə yeni inşa olunmuş müasir Arkadağ şəhəri olacaq. Azərbaycan musiqisi hər zaman olduğu kimi, bu gün də Türkmənistan səhnəsindən öz sözünü dedi və türkmən xalqının böyük rəğbətini qazandı”. Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor: Mustafa Aşurov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə), “Savalan” qrupu rəngarəng musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıblar. Türkmən xalq mahnılarının da yer aldığı proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Proqram Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ifasında “Yaşa, Azərbaycan!” mahnısı ilə yekunlaşıb. Lamiyə Məmmədova