Türkiyə millisi Venesuelanı məğlub etdi
2026-cı il Dünya Çempionatına hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxan Türkiyə millisi Venesuela üzərində 2:1 hesablı qələbə qazanıb. “Qafqazinfo” xəbər verir ki, ABŞ-nin Florida ştatında yerləşən “İnter Mayami” stadionunda keçirilən qarşılaşmada hesabı ilk açan tərəf Venesuela olub. Oyunun 13-cü dəqiqəsində Eduardo Mendoza fərqlənərək komandasını önə keçirib. Türkiyə yığması isə ilk hissənin sonlarında bərabərlik qolunu vurmağı bacarıb. 44-cü dəqiqədə Arda Gülərin künc zərbəsindən sonra yaranan qarışıqlıq zamanı top qapıya daxil olub və hesab bərabərləşib. Fasilədən sonra daha fəal çıxış edən türklər qələbə qolunu 54-cü dəqiqədə vurublar. Arda Gülərin ötürməsindən sonra Yunus Akgün uzaq məsafədən dəqiq zərbə ilə komandasını hesabda önə çıxarıb. Matçın qalan hissəsində hər iki komandanın qol imkanları olsa da, hesab dəyişməyib və Türkiyə meydanı 2:1 hesablı qələbə ilə tərk edib. Qeyd edək ki, Türkiyə millisi bundan əvvəl İstanbulda keçirilən yoldaşlıq görüşündə Şimali Makedoniyanı 4:0 hesabı ilə məğlub etmişdi.

Şərh verin