“Uşaqlar arasında yayılmış oyunlar ciddi risklər yaradır”

“Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ombudsman Səbinə Əliyeva bildirib. “Uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır. Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair yayımlanan açıq müraciətində bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində dövlət qurumlarına, media nümayəndələrinə, valideynlərə çağırışlar səsləndirilib. Dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir. Bu məsələdə valideynlərin rolu danılmazdır. Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşması, uşaqlarla açıq və etibarlı ünsiyyət qurması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir”, - Ombudsman qeyd edib. *** Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, rəqəmsal mühitdə reallıq baxımından yanaşdıqda  uşaqlar internet, sosial şəbəkələr, onlayn platformalar və süni intellekt sistemləri vasitəsilə həm öyrənir, həm ünsiyyət qurur, həm də şəxsiyyət kimi formalaşırlar: “Onlar həmçinin bu mühitdə görünməyən təhlükələrlə: dezinformasiya,zorakılıq və aqressiv məzmun, manipulyativ təsirlər, asılılıq yaradan rəqəmsal mexanizmlərlə üz-üzədir. Bu təsirlər isə yalnız fərdi deyil, həm də ciddi sosial nəticələr yaradır. Çünki bu mühitdə formalaşan uşaq, sabah ailəmizin və cəmiyyətin dəyərlər sistemini gələcəyə  daşıyan vətəndaşlar olacaqlar. Uşağın rəqəmsal təhlükəsizliyi artıq ailə məsələsi deyil, həm də daha çox — dövlətin üzərinə götürdüyü məsuliyyətdir. Həmçinin provayder məsuliyyəti və dövlət nəzarəti məsələləri  üzrə vurğulamaq istərdim ki, layihədə nəzərdə tutulan mərhələli inzibati sanksiya sistemi və ciddi nəzarət mexanizmlərinin müəyyənləşməsi Dövlət Komitəsinin mövqeyi ilə üst-üstə düşür və bu sahədə real icra gücü yaradır. Digər bir tərəfdən biz hesab edirik ki, gələcək mərhələdə informasiya sistemlərində fərdi məlumatların saxlanması vəziyyətinin aşkar edilməsi üçün müvafiq monitorinq və audit mexanizmləri də yaradılmalıdır. Çünki qanunun gücü yalnız onun qəbulunda və normanı yaratmasında deyil — bu həm də daha çox onun icrasında özünü göstərir”. Nuranə Daxilqızı