Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan ona qarşı irəli sürülən cinsi istismar iddiaları ilə bağlı aparılan intizam prosesindən sonra vəzifəsindən kənarlaşdırılıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə BMT-nin idarəetmə orqanı qərar verib. Bildirilib ki, qurumun icra komitəsi K.Xanın işinin məhkəmənin üzv dövlətlərinin xüsusi iclasına çıxarılması barədə səs verib. Məlumata görə, BCM-nin 21 üzv dövlətdən ibarət komitəsi Kərim Xanın fəaliyyəti ilə bağlı ciddi qanun pozuntuları olub-olmadığını müəyyənləşdirmək məqsədilə səsvermə keçirib və nəticədə onun vəzifədən uzaqlaşdırılması prosesi başlanıb. Kərim Xan ilk dəfə 2024-cü ildə ortaya çıxan iddiaları dəfələrlə təkzib edib. İddialar Haaqadakı BCM qərargahında onunla işləyən bir qadın tərəfindən irəli sürülüb. Qərarla bağlı sənədlərə əsasən, iş üzrə növbəti mərhələdə məsələ BCM-nin 125 üzv dövlətinə göndərilə bilər və bu, prokurorun vəzifədən tam kənarlaşdırılması ilə nəticələnə biləcək prosedurun başlanmasına yol aça bilər. Bildirilib ki, qəbul edilən qərar yekun hökm deyil və proses hələ davam edir. Xanın özü isə daha əvvəl müvəqqəti olaraq BCM-də vəhşilik cinayətlərini araşdıran prokurorluq bölməsinin rəhbərliyindən uzaqlaşmışdı. Komitə qərarını BMT-nin nəzarət orqanlarının hesabatları, hüquqi ekspert rəyləri və həm Xanın, həm də iddia edilən zərərçəkənin təqdim etdiyi yazılı izahatlar əsasında qəbul edib. İddialara görə, hadisələr 2023-2024-cü illər arasında baş verib və uzunmüddətli məcburi münasibətlər, o cümlədən, işgüzar səfərlər zamanı hotel otaqları, ofis və şəxsi məkanlarda baş verdiyi iddia olunur. Kərim Xanın vəkilləri isə bütün ittihamları rədd edərək, onun heç bir şəxsə qarşı təcavüz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya məcburi davranışda iştirak etmədiyini bildirib.