“Döyüş başlıqları anbarlardan çıxarılır” — SIPRI-dən həyəcan təbili

Dünyanın nüvə silahına malik ölkələri döyüş başlıqlarını anbarlardan çıxararaq raketlərə və digər daşıyıcı sistemlərə yerləşdirməyə başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik hesabatında bildirilir. Hesabata görə, hazırda dünyada təxminən 12 min 187 nüvə döyüş başlığı mövcuddur. Onlardan 9 min 745-i istifadəyə hazır vəziyyətdə anbarlarda saxlanılır. SIPRI qeyd edir ki, ötən illə müqayisədə nüvə başlıqlarının ümumi sayı bir qədər azalsa da, bu, əsasən köhnə silahların istismardan çıxarılması ilə bağlıdır. İnstitut xəbərdarlıq edir ki, yaxın illərdə bu azalma tendensiyası dayana və hətta əks istiqamətə dəyişə bilər. SIPRI-nin direktoru Karim Haqqaq bildirib ki, nüvə silahlarının ümumi sayının azalmasına baxmayaraq, qlobal nüvə təhlükəsi və risk səviyyəsi artır. Onun sözlərinə görə, silahlara nəzarət mexanizmlərinin zəifləməsi və nüvə dövlətləri arasında rəqabətin güclənməsi beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Hesabatda vurğulanır ki, son illərin ən diqqətçəkən tendensiyalarından biri nüvə silahlarının sadəcə anbarlarda saxlanılmaması, aktiv şəkildə raket sistemlərinə inteqrasiya edilməsidir. Bu isə istifadəyə hazır nüvə silahlarının sayının artmasına gətirib çıxarır. Məlumata görə, ABŞ və Rusiya dünyanın nüvə arsenalının təxminən 83 faizinə nəzarət edir. Hər iki ölkənin 5 mindən çox nüvə döyüş başlığına malik olduğu təxmin edilir. Bununla yanaşı, həm Vaşinqton, həm də Moskva nüvə arsenalının modernləşdirilməsi prosesində müxtəlif çətinliklərlə üzləşir. SIPRI bildirir ki, ABŞ-nin nüvə modernləşdirmə proqramı artan xərclər və büdcə problemləri səbəbindən gecikir. Rusiyanın proqramına isə uğursuz raket sınaqları və Ukrayna müharibəsi ilə əlaqədar tətbiq olunan sanksiyalar təsir göstərir. Hesabatda Çinin nüvə potensialını ən sürətlə artıran ölkə olduğu qeyd edilir. İnstitutun hesablamalarına görə, Pekinin hazırda təxminən 620 nüvə döyüş başlığı var. Mövcud artım tempi davam edərsə, Çin 2030-cu ilə qədər qitələrarası ballistik raketlərin sayına görə ABŞ və Rusiyaya yaxınlaşa bilər. Avropada Fransanın təxminən 290, Böyük Britaniyanın isə 225 nüvə döyüş başlığına sahib olduğu bildirilir. SIPRI Londonun yaxın illərdə arsenalını genişləndirəcəyini proqnozlaşdırır. Fransa Prezidenti Emmanuel Makron da ölkənin nüvə potensialının gücləndirilməsi ilə bağlı göstəriş verib. Asiyada isə Hindistanın arsenalının 190, Pakistanın isə 170 döyüş başlığına çatdığı təxmin edilir. Pakistanın gələcək illərdə nüvə arsenalını daha da artıracağı istisna edilmir. SIPRI həmçinin Şimali Koreyanın nüvə proqramını genişləndirməyə davam etdiyini qeyd edib. Hesablamalara görə, Pxenyanın təxminən 60 nüvə döyüş başlığı var. Rəsmi olaraq nüvə silahına malik olduğunu təsdiqləməyən İsrailin də arsenalını modernləşdirdiyi ehtimal edilir. İnstitut hesab edir ki, İsrail təxminən 90 nüvə döyüş başlığına sahibdir.