“Afrikanın ən yaxşı hakimi” ABŞ-yə buraxılmadı

2025-ci ildə ən yaxşı afrikalı hakim seçilən somalili referi Omar Artan 2026-cı il Dünya Çempionatında iştirak edə bilməmək təhlükəsi ilə üzləşib. “Qafqazinfo” xəbər verir ki, FIFA tərəfindən DÇ-nin hakimlər siyahısına daxil edilən 34 yaşlı hakim ABŞ-yə giriş zamanı tətbiq olunan immiqrasiya məhdudiyyətləri səbəbindən problemlə qarşılaşıb. Məlumata görə, Artan ABŞ sərhədində yoxlamalardan keçə bilməyib. Hazırda onun turnir öncəsi hazırlıq proqramında və DÇ oyunlarında iştirak edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır. Somali ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq olunan immiqrasiya məhdudiyyətlərindən təsirlənən ölkələr sırasındadır. Məhz bu səbəbdən somalili hakimin ölkəyə giriş prosesi çətinləşib. Qeyd edək ki, son illərdə beynəlxalq arenada uğurlu çıxışı ilə diqqət çəkən Omar Artan 2025-ci ildə “Afrikanın ən yaxşı hakimi” adına layiq görülmüşdü. Onun DÇ üçün seçilməsi Afrika futbolu üçün mühüm hadisə hesab olunurdu. Məlumatlara görə, FIFA məsələ ilə bağlı ABŞ rəsmiləri ilə danışıqlar aparır. Qurum turnirin nüfuzuna xələl gəlməməsi üçün problemin həllinə çalışsa da, mövcud qaydalar səbəbindən yekun qərar hələ verilməyib.