"Məni aldadıb 300 manatımı almaq istədi"

Müğənni Afət Fərmanqızı başına gələn xoşagəlməz hadisəni danışaraq izləyicilərini diqqətli olmağa çağırıb. Milli.Az xəbər verir ki, sənətçinin sözlərinə görə, naməlum şəxs özünü müğənni Şəbnəm Tovuzlunun meneceri Şahanə kimi təqdim edərək ondan pul almağa çalışıb. Fərmanqızı bildirib ki, şəxsi nömrəsinə gələn mesajda qarşı tərəf Şəbnəm Tovuzlunun oğlunun ad gününə getdiyini, hədiyyə almaq üçün pulunun çatmadığını yazıb və ondan 300 manat göndərməsini istəyib. Mesajda pulun axşam geri qaytarılacağı da qeyd olunub. Müğənni əvvəlcə profildə Şahanənin şəkli və adını gördüyü üçün vəziyyətə inanıb. Lakin sonradan şübhələnərək həmin şəxslə telefonla danışmaq istəyib. "Dedim ki, səninlə işim var, telefonu götür. Zəng etdim, cavab vermədi. Yazdı ki, yanında adamlar var, axşam rahat danışarıq. Nə qədər israr etsəm də, telefonu açmadı. Az qaldı pul göndərirdim", - deyə sənətçi bildirib. Afət Fərmanqızının sözlərinə görə, son anda yadına oxşar üsulla başqa bir müğənninin də aldadıldığı düşüb. Bundan sonra qarşı tərəfə dələduz olduğunu yazıb. "Yazdım ki, sən dələduzsan. Ondan sonra nömrəmi "qara siyahı"ya saldı. Belələri çoxalıb, hər kəs ayıq-sayıq olsun", - deyə müğənni xəbərdarlıq edib. Sənətçinin paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər bu cür dələduzluq hallarının artdığını qeyd edərək diqqətli olmağın vacibliyini vurğulayıblar. Musa Milli.Az