Boğazınız ağrıyan kimi dondurma YEYİN

Dondurma boğaz ağrısını və mədə narahatlığını qısa müddətlik azalda bilər. Milli.Az xəbər verir ki, bunu rusiyalı həkim Olga Tarasova yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, dondurmanın soyuq təsiri badamcıqlardakı qan damarlarını daraldır, nəticədə iltihablı nahiyələrdə şişkinlik və ağrı bir qədər azalır. Mütəxəssis qeyd edib ki, dondurma mədədə yanğı və narahatlıq hissini də müvəqqəti zəiflədə bilər. Lakin o vurğulayıb ki, bu təsir yalnız simptomların qısa müddətlik yüngülləşməsidir və müalicə hesab olunmur. Həkimin sözlərinə görə, güclü iltihab və ya bakterial infeksiya zamanı dondurma əksinə vəziyyəti ağırlaşdıra, xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Buna görə boğaz ağrısı zamanı özünü müalicə ilə kifayətlənməmək və həkimə müraciət etmək tövsiyə olunur. Tarasova son dövrlərdə məşhurlaşan proteinli və dietik dondurmalar barədə də danışıb. O bildirib ki, belə məhsullarda zülal, vitamin və mikroelementlər daha çox olsa da, bu onları tam faydalı qidaya çevirmir. Lazımi maddələri kifayət qədər almaq üçün normadan artıq dondurma yemək lazım gəlir ki, bu da yüksək kalori, şəkər və yağ qəbuluna səbəb olur. Mütəxəssis sonda dondurmanın desert olduğunu xatırladaraq, onun ölçülü şəkildə istehlak edilməsinin vacibliyini vurğulayıb. Xüsusilə piylənmə və şəkərli diabet kimi maddələr mübadiləsi problemləri olan şəxslərə dondurma istifadəsini ciddi şəkildə məhdudlaşdırmaq tövsiyə edilir./unikal.az Milli.Az