Yayda günəş altında satılan məhsulları almayın - Səbəb çox ciddidir
Yay mövsümündə marketlərin vitrinlərində və küçə ticarətində birbaşa günəş şüası altında saxlanılan qida məhsulları istehlakçılarda narahatlıq yaradır. Bəs, hansı məhsullar günəş şüasına daha həssasdır və alıcılar nələrə diqqət etməlidir? Qida eksperti Fərid Səfərov Milli.Az-a açıqlamasında bildirib ki, bəzi qida məhsullarının uzun müddət günəş şüasına məruz qalması onların keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Ekspertin sözlərinə görə, günəş işığı həm istilik yaradır, həm də ultrabənövşəyi (UV) şüalar vasitəsilə məhsulun tərkibində müəyyən dəyişikliklərə səbəb olur: "Xüsusilə bitki yağları, süd məhsulları, sərinləşdirici içkilər, şirələr, vitaminlərlə zəngin məhsullar və şəffaf qablaşdırmada satılan qidalar günəş işığından daha çox təsirlənir. Bu zaman bəzi vitaminlər parçalanır, yağlarda oksidləşmə sürətlənir, dad və qoxuda dəyişikliklər yarana bilər. Bəzi hallarda isə məhsulun saxlama müddəti qısalır". Qida eksperti vurğulayıb ki, riskin səviyyəsi məhsulun növündən, qablaşdırmasından və günəş altında qalma müddətindən asılıdır. Onun sözlərinə görə, bir neçə dəqiqəlik məruz qalma ciddi problem yaratmasa da, saatlarla və ya günlərlə birbaşa günəş altında saxlanılan məhsullarda keyfiyyət itkisi daha çox müşahidə olunur. F.Səfərov istehlakçılara alış-veriş zamanı birbaşa vitrində günəş alan yerlərdə saxlanılan məhsullara diqqət yetirməyi, qablaşdırmada rəng dəyişiklikləri, şişmə və ya digər anormal əlamətlərin olub-olmadığını yoxlamağı tövsiyə edib. O əlavə edib ki, marketlər qidaların istehsalçı tərəfindən tövsiyə olunan temperatur və işıq şəraitində saxlanmasını təmin etməlidirlər: "Günəş şüasına məruz qalan hər məhsul avtomatik olaraq təhlükəli hesab olunmasa da, bu amil qidanın keyfiyyətini azalda və bəzi hallarda təhlükəsizlik risklərini artıra bilər. Buna görə də qidaların birbaşa günəş işığından qorunaraq saxlanılması ən doğru yanaşmadır". Mina Mikayılova Milli.Az

Şərh verin