Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO

Saç tökülməsinə qarşı əsrlərdir istifadə edilən təbii üsullar yenidən elm dünyasının diqqət mərkəzindədir. Yeni bir araşdırma ənənəvi Çin təbabətində yer alan boğumluca otu kökünün saç köklərini qoruya biləcəyini və saçların yenidən bərpasını dəstəkləyə biləcəyini ortaya qoyub. Ekspertlər isə bitkinin potensial təsirlərinin tam dəqiqləşməsi üçün daha çox klinik tədqiqata ehtiyac olduğunu bildirirlər. Milli.Az xəbər verir ki, ənənəvi Çin təbabətində yüzilliklər boyu istifadə edilən boğumluca otu kökünün, kişilərdə rast gəlinən saç tökülməsi (androgenetik alopesiya) üzərində müsbət təsirlər göstərə biləcəyi məlum olub. Yeni araşdırmalar bu bitkinin nəinki saç itkisini yavaşlatdığını, həmçinin saç köklərinin yenidən aktivləşməsinə kömək edə biləcəyini irəli sürür. Androgenetik alopesiya zamanı saç follikulları (kökləri) tədricən kiçilir, nəticədə saç telləri incəlir və onların böyümə dövrü zəifləyir. Hazırda bu problemin müalicəsində istifadə olunan finasterid və minoksidil kimi preparatlar bəzi insanlarda effektiv nəticə versə də, mümkün yan təsirlərinə görə hər kəs tərəfindən üstünlük təşkil etmir. DHT hormonunun təsirini azaldır Çin dilində "He Shou Wu" olaraq tanınan boğumluca otunun qurudulmuş kökünün saçın böyüməsi ilə bağlı bir çox bioloji prosesə təsir edə bildiyi müəyyən edilib. Araşdırmaya əsasən, bu bitkinin saç tökülməsində kritik rol oynayan dihidrotestosteron (DHT) hormonunun təsirini azaldaraq saç follikullarını qoruduğu ehtimal olunur. Bununla yanaşı, boğumluca otunun saç köklərindəki hüceyrə itkisini azaltdığı və baş dərisindəki qan dövranını yaxşılaşdırdığı ifadə edilir. Tədqiqatçılar bitkinin hüceyrə yenilənməsi və toxuma bərpası ilə bağlı bəzi bioloji siqnalları hərəkətə gətirərək saçların yenidən böyümə mərhələsinə keçməsini asanlaşdırdığını düşünürlər. Ənənəvi biliklər müasir elmlə üst-üstə düşür Tədqiqatın müəlliflərindən biri olan Han Bixian keçmişdən gələn bitki mənşəli istifadə məlumatlarının müasir saç biologiyası ilə diqqətçəkən şəkildə üst-üstə düşdüyünü qeyd edib. O, əldə edilən nəticələrin bu təsirin sadəcə ənənəvi inanclara əsaslanmadığını göstərdiyini bildirib. Laboratoriya işləri, klinik hesabatlar və tarixi bitki mənbələrinin birlikdə dəyərləndirildiyi bu araşdırmanın tapıntıları boğumluca otunun mövcud saçları qorumaqla yanaşı, saçların yenidən bərpası üçün uyğun bioloji mühitin formalaşmasına da dəstək verdiyini göstərir. Geniş klinik araşdırmalara ehtiyac var Mütəxəssislər bitkinin malik olduğu bu potensialın olduqca diqqətçəkən olduğunu, lakin qəti nəticələrə varmaq üçün daha genişmiqyaslı klinik araşdırmaların aparılmasının vacibliyini vurğulayırlar. Doğru şəkildə hazırlandığı təqdirdə təhlükəsiz bir seçim ola biləcəyi qeyd edilən boğumluca otunun gələcəkdə saç tökülməsinə qarşı alternativ bir üsul olub-olmayacağı növbəti elmi işlərdən sonra dəqiqləşəcək. Lalə Qüdrətova Milli.Az