“Biz bundan imtina edə bilmərik” — Yenilənib

“Qarşıdakı dövrdə balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbüslərin həyata keçirilməsi nəzərdə tutulur”. “Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib. “Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaq. Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaq. Balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur. Yeni “Balıqçılıq haqqında” Qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək. Eyni zamanda nəzarətin gücləndirilməsi ilə su bioresurslarının qorunması və qanunsuz ovçuluğun qarşısının alınması təmin olunacaq. Bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatlar nəzərdə tutulur. “Toxumçuluq haqqında” Qanunun beynəlxalq standartlara uyğun yenilənməsi planlaşdırılır. Yeni çərçivə sertifikatlaşdırma və toxum təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını təmin edəcək. Eyni zamanda toxumların emalı və idxalına nəzarət gücləndiriləcək, keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq”, - nazir bildirib. M.Məmmədov həmçinin qeyd edib ki, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün “Məhsul şəhadətnaməsi haqqında” Qanunun qəbulu nəzərdə tutulur”: “Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcək. Nəticədə, fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqələr güclənəcək və investisiya imkanları genişlənəcək”. Nazirin sözlərinə görə, Azərbaycanda əkin sahəsinin 74 faizini taxıl və yem bitkiləri təşkil edir: “Biz daha çox torpaq resursumuzu daha az dəyər yaradan məhsullara ayırmışıq. Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir. Bu bizim gündəlik həyat tərzimizin bir parçasıdır. Biz bundan imtina edə bilmərik. Bizim ərazilərimizin ciddi bir hissəsi taxıl və yem bitkilərinin istehsalına ayrılır”. *** Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov bildirib ki, istiqamətlərimizdən biri istixana sahələrinin inkişafının genişləndirilməsidir: “500 hektar istixana sahələrinin artırılması hədəflənir. Bu istiqamtdə ilkin addımlarımız da var. Belə ki, Şərqi Zəngəzur pilot istixana aqroparkının yaradılması ilə bağlı prosesə başlanılıb. Cəbrayılda təqribən 122 hektarda aqropark yaradılacaq”. **** Rəşad Hüseynov həmçinin qeyd edib ki, fermerlərə lazer mala tətbiqinə görə əlavə subsidiyalar verilməsi nəzərdə tutulur: “Buğda istehsal potensialının gücləndirilməsi üzrə ixtisaslaşmış rayonlarda məhsuldarlığı artıraraq, hazırkı 4 tondan, 5 tona qaldırmaq hədəflənib. Bu öz növbəsində istehsal həcmini artıracaq. Burada əlavə subsidiya mexanizmlərimiz olacaq. Yeni sahələrdə salınan müasir suvarma sistemlərinin quraşdırılmasının dəstəklənməsi mexanizmini davam etdirəcəyik və orada mexanizmi daha da yeniliklər gətirib, əvvəlki mexanizmi daha da təkmilləşdirməsini düşünürük. Lazer mala tətbiqini düşünürük, hazırda bu torpaq hamarlama işlərinin yaxşılaşdırılması nəzərdə tutulur ki, bu birbaşa məhsuldarlığa ciddi şəkildə təsir göstərir. Əlavə subsidiya mexanizmləri o kontekstdə nəzərdə tutulur ki, lazer mala tətbiq edən fermerlərə əlavə subsidiyalar verilməsi nəzərdə tutulur. Paralel olaraq da seçilmiş rayonlar üzrə meliorativ tədbirlərin gücləndirilməsi və aqrotexniki qulluq işlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Təbii ki, bu bütün bu proseslər öz növbəsində ərzaq təhlükəsizliyinin təminatına, məhsuldarlığın artımına və istehsalın artımına gətirib çıxardacaq”, - Rəşad Hüseynov bildirib. *** Deputat Əli Məsimli bildirib : “Kənd təsərrüfatı sahəsində toxumçuluq zəif bənddir. Toxumçuluğu inkişaf etdirmək lazımdır. İkincisi, kadrlarla bağlı məsələ problemlidir. Gənclər ora getmədiyi üçün aqronomların çoxunun yaşı 60-70-dən yuxarıdır”. Onun sözlərinə görə, tarladan süfrəyə qədər gələn prosesdə məhsulların itkisini aradan qaldırsaq, sözügedən Proqramda nəzərdə tutulduğundan daha çox məhsul əldə etmiş olarıq. Nuranə Daxilqızı