3 ildir komada olan şahzadə vəfat etdi
Tayland kral ailəsinin nüfuzlu üzvlərindən olan şahzadə Bacrakitiyabha üç ildən artıq komada qaldıqdan sonra 47 yaşında vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Kral sarayı məlumat yayıb. Bildirilib ki, şahzadə Banqkokdakı Çulalonqkorn Xəstəxanasında dünyasını dəyişib. Tayland kralı Vaciralonqkornun böyük övladı olan Bacrakitiyabha 2022-ci ilin dekabrında itlərini məşq etdirərkən huşunu itirmişdi. Həkimlər onun vəziyyətinin ürəkdə yaranmış mikoplazma infeksiyası nəticəsində baş verən ciddi ritm pozuntusu ilə əlaqədar olduğunu bildirmişdilər. 1978-ci il dekabrın 7-də kral Vaciralonqkornun ilk həyat yoldaşı və əmisi qızı Şahzadə Soamsavalidən dünyaya gələn Bacrakitiyabha uzun illər ölkənin ən tanınmış kral ailəsi üzvlərindən biri olub. Hüquq təhsili alan şahzadə ABŞ-dəki Kornell Universitetində magistr dərəcəsi əldə edib. Daha sonra Taylandın BMT-dəki nümayəndəliyində və Baş Prokurorluq sistemində fəaliyyət göstərib. 2012-2014-cü illərdə Taylandın Avstriyadakı səfiri olan Bacrakitiyabha bu müddətdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) ilə sıx əməkdaşlıq edib. O, xüsusilə qadın məhbusların hüquqlarının müdafiəsi və cinayət-ədliyyə sistemində islahatların aparılması istiqamətində fəaliyyəti ilə tanınıb. 2021-ci ildə kral Vaciralonqkorn tərəfindən şəxsi mühafizə xidmətinin qərargah rəisi təyin edilən şahzadəyə general rütbəsi də verilmişdi. Bacrakitiyabha həmçinin idmana böyük marağı ilə seçilir, uzun məsafəli qaçışlarda və müxtəlif idman tədbirlərində fəal iştirak edirdi. Onun vəfatı Taylandda taxt-tacın gələcək varisi ilə bağlı sualları yenidən gündəmə gətirib. 73 yaşlı kral Vaciralonqkorn indiyədək rəsmi varisini açıqlamayıb. Bir çox müşahidəçilər Bacrakitiyabhanı gələcəkdə ya taxt-tacın sahibi, ya da mümkün varis Dipanqkorn üçün regent ola biləcək ən güclü namizədlərdən biri hesab edirdilər. Şahzadənin ölümü ilə Tayland monarxiyasında varislik məsələsi daha da qeyri-müəyyən xarakter alıb.

Şərh verin