Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına rəsmən start verilib. Milli.Az xəbər verir ki, "Dayanıqlı rifah naminə regional inteqrasiya" mövzusu altında keçirilən tədbir Qlobal Cənubun "AAA" reytinqli çoxtərəfli inkişaf institutu olan IsDB Qrupunun əsas toplantılarından biridir. Toplantıya IsDB Qrupunun 57 üzv ölkəsindən və digər ölkələrdən siyasətçilər, maliyyə və inkişaf sahəsi üzrə ekspertlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirin əsas mövzusu regional inteqrasiyanın dayanıqlı inkişaf və ortaq rifahın təmin edilməsində artan roluna həsr olunub. Bu istiqamət IsDB-nin 2026-2035-ci illəri əhatə edən Onillik Strateji Çərçivəsi ilə də uzlaşır. Qeyd edilib ki, Azərbaycan son 16 ildə ikinci dəfədir ki, bu səviyyəli beynəlxalq tədbirə ev sahibliyi edir. Əvvəlki dəfə 2010-cu ildə belə toplantı Bakıda keçirilmişdi. Proqram çərçivəsində müxtəlif yüksək səviyyəli görüşlər, forumlar və panel müzakirələr keçiriləcək. Müzakirələrdə dayanıqlı inkişaf, rəqəmsal iqtisadiyyat, iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, süni intellekt və innovasiya kimi mühüm mövzular əhatə olunacaq.