Xanımının vəfatından sonra ölkədən getmişdi — 94 yaşını xəstəxanada qeyd edir

Bu gün Azərbaycan kino və teatr sənətinin tanınmış nümayəndəsi, Xalq artisti Tofiq Mirzəyevin 94 yaşı tamam olur. “Qafqazinfo” olaraq hazırda İsraildə yaşayan sənətkarla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bu işdə bizə köməyini göstərdi. Onun verdiyi məlumata görə, Tofiq Mirzəyev səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanada müalicə alır. Bu baxımdan 94-cü doğum gününü tibb müəssisəsində qarşılayır. İki həftə öncə xəstəxanaya yerləşdirilən sənətkarın vəziyyəti stabildir. Yaxın zamanda evə buraxılması gözlənilir. 1932-ci il iyunun 16-sı Gədəbəydə anadan olan sənətkarın anası Bella İlyişina yəhudiəsilli olsa da, ailə uzun illər Azərbaycanda yaşayıb. Müharibə illərində ailəsi ilə birlikdə Gədəbəydə yaşayan Tofiq Mirzəyev hələ 12-13 yaşlarından klarnet ifaçılığı üzrə musiqi təhsili almağa başlayıb. Orta məktəbi bitirdikdən sonra Moskvada Konservatoriyanın nəzdində fəaliyyət göstərən filarmoniya məktəbində, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasının klarnet şöbəsində təhsil alıb. Onun istedadını yüksək qiymətləndirən görkəmli dirijor Niyazi gənc musiqiçini Dövlət Simfonik Orkestrinə dəvət edib. Tofiq Mirzəyev uzun müddət orkestrin tərkibində Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib, eyni zamanda klassik musiqi ilə yanaşı, caza da böyük maraq göstərib. Yəni o, yaradıcılıq fəaliyyətinə aktyor kimi deyil, musiqiçi kimi başlayıb. Uzun illər klarnet ifaçısı kimi fəaliyyət göstərsə də, 1960-cı ildə səhhətində yaranan ciddi problemlər səbəbindən ağır xəstələnib. Həkimlərin qəti qadağasından sonra musiqi fəaliyyətini dayandırmağa məcbur qalan T.Mirzəyev taleyini kinoya bağlayıb. Onun kinoda ilk işi rejissor Arif Babayevin “Uşaqlığın son gecəsi” filmi olub. Filmdə yaratdığı Rüfət obrazı aktyora böyük tamaşaçı sevgisi qazandırıb. Bundan sonra Tofiq Mirzəyev 35-dən çox filmdə rol alıb. O, yalnız “Azərbaycanfilm” kinostudiyasında deyil, həmçinin “Mosfilm” və Dovjenko adına kinostudiyada da çalışıb. Sənətkar “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. Tofiq Mirzəyev rejissor kimi də məhsuldar fəaliyyət göstərib. O, Fikrət Əmirov, Nazim Rzayev, Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında portret filmlər və televiziya proqramları hazırlayıb. Sənətkar məşhur “Qaya” vokal qrupunun yaradıcılarından və solistlərindən biri olmuş Teymur Mirzəyevin qardaşıdır. O, həmçinin Xalq yazıçısı Anarın ailəsinə qohumluq əlaqələri ilə bağlı olub. Tofiq Mirzəyev Anarın həyat yoldaşı Zemfira xanımın bacısı, tanınmış kinoşünas Elmira Səfərovanın həyat yoldaşı idi. Xanımı Elmira Səfərovanın vəfatı Tofiq Mirzəyevin həyatında ağır iz buraxıb. Bu itkidən sonra o, Bakını tərk edərək İsrailə köçüb və uzun illərdir həmin ölkədə yaşayır. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür. Teymur adlı bir oğlu var. 2022-ci ildə sənətkarın 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyev iki sərəncam imzalayıb. Həmin sərəncamlarla sənətçiyə “Xalq artisti” fəxri adı verilib, “Şöhrət” ordeni ilə təltif edilib. Lamiyə Məmmədova