Nizami rayonunda polisdən əməliyyat: Narkotik satan dəstənin üzvləri yaxalandı

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan xanım tanışı A.Əbilzadə saxlanılıblar. Onların sərnişin kimi istifadə etdikləri avtomobildən 9.915 kiloqram marixuana, ümumilikdə iki kiloqram heroin və metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)