Təhsil Tələbə Krediti Fondu — 5 illik fəaliyyət
2021-ci il 17 iyun tarixində Prezident İlham Əliyevin imzaladığı 1367 nömrəli Fərmanla yaradılan Təhsil Tələbə Krediti Fondu fəaliyyətinin 5-ci ildönümünü qeyd edir. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fond ölkədə təhsilə əlçatanlığı və təhsildə bərabər imkanları təmin edən mühüm mexanizmlərindən biridir. “Qafqazinfo” Təhsil Tələbə Krediti Fonduna istinadən xəbər verir ki, Fondun əsas missiyası sosial baxımdan həssas əhali qrupuna aid ailələri təmsil edən təhsil almaq arzusunda olan gənclərin bütün təhsil səviyyələrinə çıxış imkanlarını təmin etməkdir. Bu məqsədlə həyata keçirdiyi fəaliyyət nəticəsində Fond minlərlə tələbənin təhsil haqqı maliyyələşdirib, yüzlərlə ailənin maddi yükünü azaldıb, ölkənin kadr potensialının formalaşmasına mühüm töhfə verib. Təhsil müddəti ərzində kreditlərin geri ödənişinin tələb olunmaması tələbələrə diqqəti yalnız təhsil prosesinə və akademik nəticələrə yönəlməyə imkan verir. Mövcud qaydalara əsasən yüksək akademik göstəricilərə malik tələbələr üçün kredit məbləğinin müəyyən hissəsinin bağışlanması mexanizmi tətbiq edilir. Bu günədək geriödəmə mərhələsinə keçmiş 691 sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1 684 standart təhsil tələbə krediti üzrə isə 25 faiz güzəşt tətbiq edilib. Nəticədə tələbələr üçün ümumilikdə 766 min manatdan artıq vəsait bağışlanıb. Fondun fəaliyyətə başladığı tarixdən e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olub, onlardan 85 mini rəsmiləşdirilib. Bu göstərici müraciətlərin təxminən 85 faizinin müsbət nəticələndiyini göstərir və mexanizmin səmərəliliyinin mühüm göstəricisi hesab olunur. Rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart növ təhsil tələbə kreditləri təşkil edir. Təhsil pillələri üzrə bölgüyə əsasən müqavilələrin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür. Fondun fəaliyyətinin sosial təsirini əks etdirən mühüm göstəricilərdən biri də gender bölgüsüdür. Kredit müqavilələrinin 64 faizi qadın, 36 faizi isə kişi tələbələr üçün rəsmiləşdirilib. Bu göstərici Fondun xüsusilə qızların və gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını göstərir. Ötən 5 il ərzində ümumilikdə 80 milyon manatdan artıq kredit məbləği xərclənib, bunun 78 milyon manatdan çox hissəsi birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb. Ayrılmış vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxın hissəsi isə sosial növ təhsil tələbə krediti təşkil edir, 1,9 milyon manatdan artıq sığorta məbləği . Fondun fəaliyyət istiqamətlərindən biri də təhsil tələbə kreditləri barədə ictimai məlumatlılığın artırılmasıdır. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib. Fondun fəaliyyətə başladığı gündən etibarən təşkil olunan görüşlərdə ümumilikdə 100 mindən çox şagird, abituriyent, tələbə, valideyn və müəllim-pedaqoji heyət iştirak edib. Eyni zamanda Fond tələbələrin şəxsi və peşəkar inkişafına dəstək göstərən layihələr həyata keçirib. Beş il ərzində 35 Anlaşma Memorandumu imzalanıb, 1 981 tələbə müxtəlif təlim proqramlarına cəlb edilib, 655 tələbə və məzun təcrübə imkanlarından yararlanıb, 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib. Fondun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, Təhsil Tələbə Krediti Fondu 2025-ci ildə innovativ fəaliyyəti və tələbəyönümlü yanaşması ilə "QS Reimagine Education" beynəlxalq tanınma sertifikatına layiq görülüb. Təhsil innovasiyaları sahəsində dünyanın nüfuzlu tanınma mexanizmlərindən biri hesab olunan bu sertifikat Fondun fəaliyyət modelinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir. Bu gün Təhsil Tələbə Krediti Fondunun 5 illik fəaliyyəti 84 mindən çox təhsil tələbə krediti müqaviləsi, 80 milyon manatdan artıq maliyyə dəstəyi, 100 mindən çox maarifləndirmə tədbiri iştirakçısı və beynəlxalq səviyyədə əldə olunmuş uğurlarla xarakterizə olunur. Bu göstəricilər yalnız statistik rəqəmlər deyil, minlərlə gəncin təhsil arzularının gerçəkləşməsinin ifadəsidir.

Şərh verin