ADY və AİİB arasında əməkdaşlıq istiqamətləri müzakirə edildi — Fotolar

“Azərbaycan Dəmir Yolları” QSC -də (ADY) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) nümayəndə heyəti ilə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının gücləndirilməsi və əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub. ADY sədri Rövşən Rüstəmov AİİB-in Azərbaycanda nəqliyyat infrastrukturu və regional bağlantı sahəsində fəal tərəfdaşlığının ölkənin tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb və bunu yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycanın dayanıqlı şəhər mobilliyi və sərnişindaşıma xidmətlərinin inkişafı ADY-nin strategiyasının əsas komponentlərindən biridir. 2025-ci ildə ADY-nin rayonlararası və Abşeron dairəvi dəmir yolu marşrutları vasitəsilə 10 milyondan çox sərnişin daşınıb ki, bu da etibarlı və dayanıqlı ictimai nəqliyyata artan tələbatın göstəricisidir. Görüşdə nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının genişləndirilməsi və dayanıqlı logistika həllərinin təşviqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. ADY və AİİB arasında gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.