Qadının sümükləri alətə çevrilib, sonra yenidən məzara düzülüb — İki min illik sirr

Şotlandiyada aparılan yeni arxeoloji araşdırma 2 min il əvvəl yaşamış bir qadının qalıqları ilə bağlı diqqətçəkən faktları üzə çıxarıb. “Qafqazinfo”nun xəbərinə görə, mütəxəssislər müəyyən ediblər ki, qadının bəzi sümükləri ölümündən sonra xüsusi alətlərə çevrilib, daha sonra isə skelet yenidən anatomik qaydada məzara yerləşdirilib. Araşdırılan məzar ilk dəfə 2000-ci ildə Şotlandiya sahillərində aşkar edilib. Müasir texnologiyalar vasitəsilə yenidən təhlil olunan məzarda 30 yaşlarında bir qadına və təxminən 15 yaşlı oğlana aid skeletlər tapılıb. DNT analizləri onların yaxın qohum – böyük ehtimalla, əmioğlu və əmiqızı olduqlarını göstərib. Tədqiqat zamanı məlum olub ki, qadının qol və ayaq sümüklərindən ən azı dördü iti alət formasına salınacaq şəkildə yonulub. İlk araşdırmalarda bu izlərin heyvan dişləmələri olduğu ehtimal edilsə də, son mikroskopik analizlər sümüklərin iti bıçaq və ya digər alətlə qəsdən işlənildiyini sübut edib. Arxeoloqları ən çox təəccübləndirən məqamlardan biri isə həmin sümüklərin istifadə edildikdən sonra yenidən məzara yerləşdirilməsi olub. Skeletin bütün hissələri anatomik baxımdan düzgün ardıcıllıqla düzülüb ki, bu da mərasim xarakterli dəfn ritualına işarə edir. Araşdırmalar qadının kəlləsində də müdaxilə izləri aşkar edib. Mütəxəssislərin qənaətinə görə, onun beyni ölümündən sonra qəsdən çıxarılıb. Bunun hansı məqsədlə edildiyi isə hələ də naməlum olaraq qalır. Tədqiqatın rəhbəri, arxeoloq Laura Kastels Navarro bildirib ki, bu qeyri-adi müdaxilələrin səbəbini izah etmək çətindir. Onun sözlərinə görə, skeletin bu qədər diqqətlə yenidən yığılması qadının yaşadığı icmada xüsusi hörmət və yüksək statusa malik ola biləcəyini göstərir. Qazıntılar zamanı müəyyən edilib ki, zaman keçdikcə skeletlərin bir hissəsi zədələnib. Buna baxmayaraq, DNT nəticələri həmin insanların Şotlandiyanın şimal sahilləri boyunca uzanan dəmir dövrü dənizçilik icmalarının üzvləri olduqlarını ortaya qoyub.