Motsarta aid 44 səhifəlik əlyazma tapıldı — Fotolar

Fransa Milli Kitabxanasında aparılan araşdırmalar zamanı dünyaşöhrətli bəstəkar Volfqanq Amadey Motsarta məxsus olduğu təsdiqlənən 44 səhifəlik əlyazma dəftər aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, tarixi sənəddə bəstəkarın 1778-ci ildə Parisdə verdiyi musiqi dərsləri və indiyədək məlum olmayan əsərləri yer alır. Kitabxananın musiqi şöbəsinin kuratoru Fransua-Pyer Qoy anonim əlyazmaları araşdırarkən təsadüfən bu nadir tapıntıya rast gəldiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə əlyazmadakı not yazılışı və istifadə olunan açarlar diqqətini çəkib. 44 səhifəlik dəftərdə Motsartın 1778-ci ilin may-iyul aylarında tələbəsi üçün hazırladığı gündəlik məşqlər, həmçinin fleyta və arfa üçün yazdığı yeddi əsər yer alıb. Qoy əlyazmanın Motsarta məxsus ola biləcəyindən şübhələndikdən sonra sənəd üzərində geniş araşdırma aparılıb. Əlyazmada istifadə olunan fransız istehsalı kağız və yazı üslubu bəstəkarın digər orijinal əlyazmaları ilə müqayisə edilib. Nəticədə, Avstriyada fəaliyyət göstərən Motsart Fondunun direktoru Armin Brinzinq bu ilin aprel ayında sənədin, həqiqətən, Motsarta məxsus olduğunu təsdiqləyib.+ Fransa Milli Kitabxanasının məlumatına görə, əlyazma 1794-cü ildə Fransa İnqilabı zamanı Qvineya hersoqunun musiqi kolleksiyasından müsadirə olunaraq dövlət arxivinə gətirilib və illərlə anonim sənədlər arasında saxlanılıb. 1791-ci ildə cəmi 35 yaşında vəfat edən Motsarta aid yeni əlyazmaların aşkarlanması olduqca nadir hadisə hesab olunur. Aşkar edilən əsərlər bazar günü Fransa Milli Kitabxanasında keçiriləcək xüsusi konsertdə ilk dəfə ictimaiyyət qarşısında ifa olunacaq. Kitabxananın Musiqi şöbəsinin direktoru Matias Aukler bildirib ki, bu kəşf xüsusilə repertuarı məhdud olan fleyta və arfa ifaçıları üçün böyük əhəmiyyət daşıyır və musiqi dünyası üçün xoş sürpriz hesab olunur.