Əli Əsədov Denis Afanasyevlə görüşdü — Foto
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevlə görüşüb. “Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycanla Rusiyanın regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib. Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib. Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi ayrıca qeyd olunub. Görüş əsnasında, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.

Şərh verin