“AZSET universitetlə sənaye arasında məsafəni qısaldacaq” — Rektor

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev AZTV-nin “Telesəhər” proqramında AZSET - AZCON Mühəndislik və Texnologiya Məktəbinin fəaliyyəti və məqsədlərindən danışıb. “Qafqazinfo” xəbər verir ki, rektor AZSET-in  tələbələrə dünya standartlarında mühəndislik təhsili və real iş təcrübəsi qazandıran yeni təhsil modeli olduğunu bildirib. Burada tələbələr yalnız akademik bilik əldə etmir, eyni zamanda sənayenin real ehtiyaclarına uyğun praktiki təcrübə qazanırlar. Müsahibədə AZSET-də tədrisin tamamilə ödənişsiz və ingilis dilində aparılacağı və Münhen Texniki Universitetinin (TUM) akademik yanaşması, kurikulumu və qiymətləndirmə standartları əsasında təşkil ediləcəyi də vurğulanıb. Məlumat üçün bildirək ki, AZSET bakalavr proqramı Azərbaycanın ali təhsil müəssisələrinin təbiət, texniki, texnoloji və əlaqəli ixtisaslarında təhsil alan, birinci kursu uğurla başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Namizədlərdən uğurlu akademik nəticə və ən azı B2 səviyyəsində ingilis dili biliyi tələb olunur. Şərtlərə cavab verən tələbələr 15 iyul 2026-cı il tarixinədək bu link vasitəsilə qeydiyyatdan keçərək seçim mərhələsində iştirak edə və 2-ci kursdan AZSET-də davam edə bilərlər. Qeyd edək ki, 3 iyul saat 16:30-da Azərbaycan Texniki Universitetində AZSET proqramı ilə bağlı “Açıq qapı” günü keçiriləcək. Bu tədbir iştirakçılara həm seçimdə daha dəqiq qərar verməyə, həm də AZSET mühitini yaxından tanımağa imkan yaradacaq. “Açıq qapı” günündə iştirak etmək istəyənlər bu link üzərindən qeydiyyatdan keçə bilərlər. “Youtube”