Moskvada tibb mərkəzində soyuducudan 5 insan başı tapıldı

Moskvada yerləşən tibb mərkəzlərindən birində aparılan istintaq tədbirləri zamanı soyuducuda saxlanılan beş insan başı aşkarlanıb. Məlumata görə, araşdırma Sankt-Peterburqda vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə başlanmış cinayət işi çərçivəsində aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tibb mərkəzinin ərazisinə baxış zamanı plastik torbalara yerləşdirilmiş insan cəsədi qalıqları aşkar ediblər. Tapılan qalıqların mənşəyinin və hadisənin bütün detallarının müəyyənləşdirilməsi məqsədilə materiallar məhkəmə-tibbi ekspertizaya göndərilib. Hazırda faktla bağlı istintaq davam edir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)