Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək — Növbəti xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. “Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqla gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var. Qeyd olunub ki, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.