"Hakim faktları kənara qoyub qərar qəbul etdi"

Xətai rayon Məhkəməsində Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksiy Smirnov və Azərbaycan vətəndaşı Ramil Aslanov arasındakı məhkəmə çəkişməsi davam edir. Milli.Az Globalinfo.az -a istinadən xəbər verir ki, R.Aslanov 01.12.2025-ci il tarixindən Aleksiy Smirnov haqqında, həmçinin onun katibi D.Sveçnikovun xoşagəlməz əməlləri, orada mövcud olan nöqsanlar və ümumilikdə iradlarla dolu rəsmi şikayəti ilə əlaqədar qarşı tərəf məhkəməyə müraciət edib. Belə ki, R.Aslanovun şikayətindən sonra A.Smirnov məhkəməyə müraciət edib. R.Aslanov bildirib ki, yepiskov Smirnovun bu əməli onu göstərir ki, o, Moskva Patriarxiyasına onun haqqında göndərilən şikayətlərin qarşısını almağa çalışır: "Əgər Aleksiy Smirnov ədalətli din xadimidirsə, məsələni məhkəməsiz həll edərdi. Onun mənəvi baxımdan ədaləti bərpa etmək imkanı var idi. Lakin o, bunu etməmiş, əksinə, məhkəmələrə müxtəlif yollarla təsir göstərməyə üstünlük vermişdir. Belə çıxır ki, Smirnov bu cür vasitələrlə bizim təqdim etdiyimiz sənədlərin əsassız olduğunu ortaya qoymaq istəyir. Bu cür hərəkətlər ciddi narahatlıq doğurur. Buradan sual yaranır: cəmi 1 ildir Azərbaycana gələn və yenicə Azərbaycan vətəndaşlığını alan Aleksiy Smirnov Azərbaycan mental dəyərlərini öyrənmək əvəzinə, bu vasitələrlə məhkəmələrə üz tutur? Görünür ki, yepiskov Smirnov hansısa qüvvələrlə birlikdə Azərbaycan vətəndaşının Moskva Patriarxiyasına, Zati-Aliləri Hörmətli Patriarx Kirilə ünvanladığı rəsmi şikayətini məhkəmə müstəvisinə daşımaqla vətəndaşın şikayət etməsinin, haqq-ədalətin yuxarı instansiyalara çatmasının qarşısını almaq məqsədi güdür. Belə əməllər edən şəxsin hər hansı qurumda, ədalətli bir strukturda və ya dini bir təşkilatda rəhbər vəzifəyə layiq olmadığı görünür". R.Aslanov əlavə edib ki, yepiskov Aleksiy Smirnov şikayət etmək, nöqsanları demək, iradlar bildirmək və baş verənlərin düzgün şəkildə ifadə edilməsinin hər bir Azərbaycan vətəndaşının qanuni hüququ olmasını düşünmür: "Vətəndaşın şikayət hüququna təzyiq göstərilməsi, onu susdurmağa çalışmaq və bu məqsədlə məhkəmə mexanizmindən istifadə etmək ədalət anlayışına uyğun deyil. Ədalətli mövqe tutan din rəhbəri rəsmi şikayəti ört-basdır etməyə yox, məsələnin obyektiv araşdırılmasına, vətəndaşın şikayətini dinləyib həll etməyə çalışmalıdır. Lakin bununla da iş bitmir. Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-Mənsimli Leyla məhkəmə gedişatı zamanı qərəzsiz qərar qəbul etməli olduğu halda, özü də səhvlərə yol vermiş, prosedurlarda səhvlər buraxmış və məhkəmə sistemi üzərindən bir neçə süni əngəl yaradaraq pozuntulara yol verib. Hakim Şövkətli-Mənsimli Leyla bəlkə də cavan kadr olması baxımından tam anlamayıb ki, hüquq-mühafizə orqanları bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. Məhkəmə orqanı icra orqanının təqdim etdiyi faktları görməzdən gələ bilməz. Lakin hakim Şövkətli-Mənsimli Leyla bu faktlara əhəmiyyət verməmiş və bu kimi səhvlərə yol vermişdir. Bu nə dərəcədə ədalətli məhkəməyə yaraşır? Şövkətli-Mənsimli Leyla Hakim öz vəzifəsini icra etdiyi zaman düşünməli və bilməli idi ki, məhkəmənin əsas vəzifəsi tərəflərin təqdim etdiyi sübutlara obyektiv yanaşmaq, hər bir faktı ayrıca qiymətləndirmək və qanuni, əsaslı qərar qəbul etməkdir. Lakin bu işdə təqdim olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 23.12.2025-ci il tarixli, 3-13-44-2/2-A-62013 saylı məktubunda və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21.02.2026-cı il tarixli, 3-13-51/2-14885 saylı məktubunda göstərilən D. Sveçnikov barəsində faktların və sənədlərin lazımi qaydada araşdırılmaması ciddi suallar yaradır. Məhkəmə gedişi zamanı hakim Şövkətli-Mənsimli Leyla bu qədər fakt mövcud olduğu halda onları görməzliyə vurub. Əgər təqdim edilmiş sübutlara, rəsmi dövlət qurumunun verdiyi sənədlərə və hüquq-mühafizə orqanlarının faktlarına məhkəmə tərəfindən lazımi qiymət verilmirsə, onda vətəndaşın ədalətə olan inamı necə qoruna bilər? Məhkəmə vətəndaş üçün son ümid yeridir. Bu son ümid yeri də təqdim olunan faktları görməzlikdən gəlirsə, bu artıq sadə səhv deyil, ədalət mühakiməsinə olan inamı sarsıdan ciddi haldır. Bir sözlə, Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-Mənsimli Leyla e-2(011)-8915/2025 saylı iş üzrə 15.05.2026-cı il tarixli qətnaməsində təqdim olunan rəsmi faktları görməzdən gəlib. Məhkəmə Bakı şəhər Baş Polis İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin təqdim etdiyi mühüm faktları nəzərə almamışdır. Sübutların qiymətləndirilməsini həyata keçirməmiş, göstərilən sənədlərə diqqət etməmiş və onları kənara qoymuşdur. Belə olan halda məhkəmə qərarının obyektivliyindən və ədalətliliyindən danışmaq çətindir. Əgər rəsmi dövlət qurumu tərəfindən təqdim olunmuş faktlar, təqdim olunmuş sənədlər və vətəndaşın əsaslı arqumentləri nəzərə alınmırsa, 15.05.2026-cı il tarixli e-2(011)-8915/2025 saylı qətnamənin hansı əsasla qəbul edildiyi ciddi şübhə doğurur". R.Aslanov bildirib ki, məsələ ilə əlaqədar Patriarx Kirilə yenidən müraciət edəcək. Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dinləməyə, dərc etməyə hazırıq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)