“Universitet mənim üçün çox da vacib deyil...” — Videomüsahibə

Aydın Süleymanlı Honq-Konqda keçirilən klublararası şahmat turnirində dünya çempionu olmuş Maqnus Karlseni məğlub etməklə diqqətləri üzərinə çəkdi. Onun bu uğuru təkcə Azərbaycanda deyil, dünyada da böyük müzakirə mövzusuna çevrildi. 21 yaşlı qrosmeysterimizin qalibiyyəti şahmatımız üçün böyük önəm kəsb edirdi. Bu, təkcə qələbə deyil, həm də gənc şahmatçılar üçün nümunədir. Aydının qələbəsi həm də düz 23 il öncə Linaresdə Teymur Rəcəbovun həmin vaxt şahmatın lideri olan Harri Kasparov üzərindəki qələbəsini xatırlatdı. Düzdür, Rəcəbov bunu 15 yaşında bacarmışdı və daha böyük turnirdə etmişdi. Amma Karlsen üzərindəki qələbə də gözlənilməz və böyükdür. Aydın hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi Universitetində şahmat məşqçiliyi üzrə təhsil alır. Ölkəmizi Avropa və dünya çempionatlarında layiqincə təmsil etmiş idmançını qonaq edərək qazandığı uğurlardan və Maqnus Karlsen üzərindəki qələbədən danışdıq. Aydın Süleymanlının “Qafqazinfo”ya müsahibəsini təqdim edirik: Qrosmeyster əvvəlcə norveçli Maqnus Karlsen üzərindəki qələbəni şərh edib: “Maqnus şahmat tarixinin ən yaxşılarından biridir. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və rəhmətlik Vüqar Həşimov indiyə qədər ona qalib gəlib. Mən bunu bacaran 4-cü şahmatçıyam. Honq-Konqdakı turnirə “Odlar Yurdu” komandası ilə yollanmışdıq. Komandamızın kapitanı Rauf Məmmədov idi. Hətta yarışdan öncə Rauf müəllimlə löhvələr barədə danışırdıq. Mən ona Karlsenlə oynamaq istədiyimi dedim. O da bildirdi ki, bunun üçün birinci löhvədə çıxış etməliyəm. Elə gətirdi ki, rapiddə onunla qarşılaşdım. Maqnusun komandasının adı “We are chess” idi və heyətində tanınmış qrosmeysterlər var idi. Oyun vaxtı istər-istəməz həyəcan var idi. Oyunun gedişində əmin idim ki, Maqnus səhv gedişlər edir, amma buna inanmırdım. Düşünürdüm ki, qarşımdakı Karlsendir və necə səhv gediş edə bilər? Onun adı böyükdür və kimsə onun yanlışlara yol verdiyinə inanmır. Uşaqlıqdan arzularımdan biri Maqnusla oynamaq idi və ona qalib gələ biləcəyimi də düşünürdüm. Amma sırf bu anda deyil. Həm də xəyal qurmaq daha asandır və onu reallaşdırmaq çətindir. Karlseni udandan sonra buna inanmaq çətin idi. Norveçli şahmatçı son zamanlarda uduzduğu görüşlərdə aqressiv görünürdü. Amma bu dəfə elə deyildi. Mənimlə görüşdə heç bir aqressiya görmədim”. Aydın bu qələbədən sonra onu təbrik edənlərdən də danışıb: “Oyundan sonra ABŞ-li Hans Nimann məni təbrik etdi. Onunla Maqnus Karlsen düşmən kimidir. Karlsenin mənə uduzmağı onun ürəyincə idi. Şəhriyar Məmmədyarov turnirdə idi və orda canlı şəkildə məni təbrik etdi. Teymur Rəcəbov isə zənglə təbriklərini çatdırdı”. Gənc qəhrəmanımız dünya çempionu olmaq istəyini də gizlətməyib: “Bizdə yalnız Şəhriyar Məmmədyarov rapid üzrə dünya çempionu olub. Ümid edirəm ki, mən də nə vaxtsa olaram. Son illərdə şahmatımızda inkişaf var. Ülviyyə Fətəliyeva Avropa çempionu oldu. Bu il keçirilən kişilər arasında Avropa çempionatında ilk 4 yerin üçünü azərbaycanlı şahmatçılar tutdu. İkinci yerə Nicat Abasov, üçüncü yerə mən, 4-cü yeri Məhəmməd Muradlı çıxdı”. A.Süleymanlı gənclərin sosial mediada keçirdiyi vaxt haqda sualı da cavablayıb: “Mən özüm də sosial şəbəkələrdən istifadə edirəm. Yəni çətindir ayrı qalmaq. Amma gün 24 saatdır və düzgün bölgü etsən, hər şeyə vaxt qalacaq. Azərbaycan gəncinin xüsusi problemi yoxdur. Həyat təcrübəsi gəldikcə bu düzələcək. Avropa və Azərbaycan gəncləri arasında heç bir fərq görmürəm. Ölkəmizdə əksər ailələrdə fikir belədir ki, sən yalnız yaxşı oxuyaraq, universitetə girərək uğurlu ola bilərsən. Amma belə deyil. Məsələn futbolçuların çoxu, güclü idmançıların çoxu əsasən bu işdə ustadırlar. Bu o demək deyil ki, sənin tək işin bu olmalıdır, kitab oxumamalısan, yeni şeylər kəşf etməməlisən... Bunlar heç bir əngəl deyil. Məncə, ən yaxşı idmançı həm öz işində, həm başqa şeylərdə uğurlu, dünyagörüşlü olan idmançıdır. Mənim gözümdə belədir. Mən şahmatçıyam deyə universitet mənim üçün çox da vacib deyil. Amma başa düşürəm ki, çox adama yaxşı işdə işləmək üçün yaxşı universitetdə oxumaq vacibli bir şeydir. Ona görə başadüşüləndir, onlara da nəsə söz demək bir az çətindir”. Qrosmeyster futbola marağının olduğunu da gizlətməyib: “Futbola böyük marağım var. Mən “Tottenhem” klubunun azarkeşiyəm”. O, Messi və Ronaldo arasındakı seçimdə argentinalını üstün tutub. Şahmatçı digər idmançılarla münasibətinin olub-olmaması ilə bağlı suala belə cavab verib: “Bəhlul Mustafazadə ilə şahmat oynamışam. Çox intellektli, dünyagörüşlü biridir”. Süleymanlı ilk qazancı barədə də söz açıb: “İlk qazancım uşaq vaxtı tempo şahmat turnirlərində olub. Yaxşı çıxış edəndə 5-10 manat qazanırdıq. Onunla da nə etmişəm? Yəqin ki, çox seçimim olmayıb”. Aydın onu dəstəkləyənlərin pis çıxış edəndə də yanında olmalarını istədiyini sözlərinə əlavə edib: “İstəyərdim ki, pis oynayanda da bizə dəstək olsunlar. Təkcə yaxşı oynayanda bunu etməsinlər. Qalib gələndən sonra kimin dəstək verdiyi önəmli deyil. Önəmli olan çətin dönəmdən keçəndə bunu kimin etdiyidir”. Elsevər Məmmədov Video: Pərvin Zeynal