İstiqlalın polad dayağı olan Azərbaycan polisi — 108 yaşında

Ərəfəsində olduğumuz dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü həm də keçilən dövlətçilik yolunun hesabatını, təhlilini zəruri edir. Yəqin ki, bu kontekstdə böyük müzakirələrə, araşdırmalara lüzum da yoxdur. Əsas nəticə məlumdur: Tarixin ən qüdrətli Azərbaycanının yaradılması və Azərbaycanın ərazi bütövlüyünün təmini. Xalqımızın əsrlər boyu əsas amalı, hədəfi olan bu prioritetlər məhz son dönəmdə gerçəkləşib və istiqlalımızın şanlı göstəricisinə, rəmzinə çevrilib. Müstəqil Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Ulu Öndərin xilaskarlıq fəaliyyəti və Prezident İlham Əliyevin tarixin gərdişini dəyişdirən missiyası dayanır. Onların rəhbərliyi altında xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə, məğlubiyyətdən zəfərə keçid prosesinin əsas icraçıları olan dövlət qurumlarının fəaliyyətini də vətəndaşlarımız təqdirlə qarşılayır. Bu qurumlar sırasında olan və Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri sayılan hüquq-mühafizə sistemi öz tarixi inkişaf yolunda müxtəlif mərhələlərdən keçərək bu gün yüksək peşəkarlığa, müasir idarəetmə prinsiplərinə və güclü institusional potensiala malik struktura çevrilib. Bu sistemin mərkəzində dayanan əsas təsisatlardan biri də Daxili İşlər Nazirliyidir. Daxili işlər orqanlarının fəaliyyətinin bu gün tamam olan 108-ci ildönümü tək bir qurumun tarixini deyil, həm də Azərbaycanın dövlətçilik salnaməsinin, təhlükəsizliyinin, ictimai sabitliyinin və müstəqilliyinin keşiyində dayanmış şərəfli xidmət yolunu ifadə edir. Azərbaycan polisi dövlət quruculuğu prosesinin, sabitliyin və milli təhlükəsizlik modelinin ayrılmaz hissəsinə çevrilib. Daxili işlər orqanları yaradıldığı ilk dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək kimi mürəkkəb vəzifəni yerinə yetirirdi. Sovet dövründə isə sistem mərkəzləşdirilmiş idarəetmə çərçivəsində fəaliyyət göstərsə də, milli kadrların yetişməsi və hüquq-mühafizə ənənələrinin formalaşması baxımından mühüm mərhələ oldu. Müstəqillik bərpa edildikdən sonra ötən əsrin 90-cı illərində ölkədəki qeyri-sabitlik, iqtisadi böhran və müharibə şəraiti cinayətkarlığın artmasına rəvac verdi. Məhz bu dövrdə Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar hüquq-mühafizə sisteminin yenidən qurulmasına, sabitliyin bərpasına və polis strukturunun güclənməsinə təkan oldu. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri kimi tanınır. Xüsusilə son illərdə qlobal miqyasda baş verən geosiyasi gərginliklər, müharibələr, terror təhlükələri, miqrasiya böhranları və sosial kataklizmlər fonunda ölkəmizdə qorunan ictimai-siyasi sabitlik təsadüfi deyil. Bu sabitliyin təmin olunmasında dövlətin təhlükəsizlik institutları ilə yanaşı, daxili işlər orqanlarının da xüsusi rolu var. Polis orqanları Prezident İlham Əliyevin müəyyən etdiyi təhlükəsizlik siyasətinin həyata keçirilməsində etibarlı dayaqlardan biridir. Dünyanın müxtəlif bölgələri müharibələrin, silahlı toqquşmaların, terror aktlarının və ictimai qarşıdurmaların təsiri altında qalarkən, Azərbaycan təhlükəsizlik və sabitlik adasına çevrilib. Ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, milyonlarla turistin Azərbaycana rahat və təhlükəsiz şəkildə səfər etməsi, investorların ölkəmizə inam göstərməsi məhz möhkəm daxili sabitliyin nəticəsidir. Bu sabitliyin qorunmasında isə polis əməkdaşlarının gecə-gündüz, hava şəraitindən və zaman anlayışından asılı olmayaraq həyata keçirdikləri gərgin xidmət xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə daxili işlər orqanlarının fəaliyyətində əsas prioritetlərdən biri cinayətkarlığa qarşı sistemli və qabaqlayıcı mübarizədir. Azərbaycanın MDB və Şərqi Avropa məkanında cinayətlərin az baş verdiyi ölkələr qrupunda uzun illərdir öndə olması, statistik göstəricilərin davamlı olaraq yaxşılaşması bu istiqamətdəki fəaliyyətin artıq yalnız klassik üsullarla deyil, eyni zamanda rəqəmsal texnologiyalar və analitik yanaşma ilə aparılmasının göstəricisidir. Xüsusilə kibercinayətkarlığa qarşı mübarizə sahəsində əldə olunan nəticələr diqqətəlayiqdir. İnformasiya texnologiyalarının sürətli inkişafı ilə paralel olaraq yeni təhlükə formalarının yaranması daxili işlər orqanlarını daha çevik, texnoloji əsaslı fəaliyyətə sövq edir və onlar bu işin də öhdəsindən layiqincə gəlirlər. Daxili işlər orqanlarının tarixində ən şərəfli məqamlarından başlıcası isə əlbəttə ki, ərazi bütövlyünün təminindəki əzmkarlıq və qəhrəmanlıqlardır. Birinci Qarabağ müharibəsi zamanı polis əməkdaşları yalnız ictimai asayişi qorumaqla kifayətlənməyərək, birbaşa döyüş əməliyyatlarında iştirak edib, torpaqların müdafiəsində rəşadət göstəriblər. Şəxsi heyətin 932 əməkdaşı şəhid olmuş, 681 nəfər isə yaralanmışdı. Bu ənənə İkinci Qarabağ müharibəsi dövründə də davam etdirildi. 44 günlük Vətən müharibəsində daxili işlər orqanlarının əməkdaşları həm ön, həm də arxa cəbhədə mühüm tarixi vəzifələri yerinə yetirdilər. Onlar yalnız düşmənə qarşı deyil, eyni zamanda daxili sabitliyin qorunması, təxribatların qarşısının alınması istiqamətində də fədakar fəaliyyət göstərdilər. 66 şəhid verən, 346 əməkdaşı yaralanan bu struktur 23 saatlıq antiterror tədbirlərində də yenə ön cərgədə idilər. İtkilər, əlbəttə ki, bu mübarizənin acı, lakin şərəfli hissəsidir. Onu da nəzərə alaq ki, polis əməkdaşları təkcə müharibə meydanında deyil, həm də cinayətkarlığa qarşı mübarizə zamanı həyatlarını itirirlər. Şəhid olan və xidməti vəzifəsini yerinə yetirərkən həlak olan əməkdaşlar daxili işlər orqanlarının qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir. Post-müharibə dövründə daxili işlər orqanlarının qarşısında duran əsas vəzifələrdən biri azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda hüquq qaydasının bərpası, ictimai asayişin qorunması və normal həyatın təşkili istiqamətində şəxsi heyət aktiv fəaliyyət göstərir. Yeni infrastrukturun qurulması, əhalinin qayıdışı və iqtisadi fəaliyyətin bərpası fonunda təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan daxili işlər orqanlarının fəaliyyəti regionun dayanıqlı inkişafının əsas şərtlərindəndir. Polis xidmətinin ən mühüm xüsusiyyətlərindən biri onun fasiləsiz xarakter daşımasıdır. Minlərlə polis əməkdaşı ölkənin bütün şəhər və rayonlarında, ən ucqar yaşayış məntəqələrində belə gecə-gündüz fərq etmədən xidmət aparır, ictimai təhlükəsizliyin keşiyində dayanır. Vətəndaşların əksəriyyəti gündəlik həyatını rahat şəkildə davam etdirərkən, polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparır, hüquq qaydasını qoruyur, fövqəladə hallara operativ reaksiya verir və cəmiyyətin təhlükəsizliyini təmin edirlər. Bu, yalnız peşə borcu deyil, həm də mənəvi məsuliyyət kimi qəbul olunur. Bu xidmət yüksək peşəkarlıqla yanaşı, böyük fədakarlıq və məsuliyyət tələb edir. Son illərdə polisə ictimai etimadın artması da təsadüfi deyil. Bunun ən mühüm göstəricilərindən biri daxili işlər orqanlarında xidmət etmək istəyən gənclərin sayının əhəmiyyətli dərəcədə artmasıdır. Əgər əvvəlki dövrlərdə polis peşəsinə daha çox iş yeri kimi baxılırdısa, bu gün gənclər onu dövlətə xidmət, nüfuz və məsuliyyət nümunəsi kimi qəbul edirlər. Polis Akademiyasına və daxili işlər orqanlarında xidmətə marağın yüksəlməsi cəmiyyətin bu struktura olan inamının və hörmətinin mühüm göstəricisidir. Gənc polis əməkdaşlarının hazırlanması, onların müasir bilik və bacarıqlarla təmin olunması xüsusi diqqət mərkəzindədir. Peşə hazırlığı, etik davranış qaydaları, texnoloji biliklər və fiziki hazırlıq – bütün bunlar yeni nəsil polis əməkdaşlarının formalaşmasında əsas komponentlərdir. Bu, həm də daxili işlər orqanlarının daha effektiv və çevik fəaliyyət göstərməsinə zəmin yaradır. Bütün uğurların əsasında isə son illərdə daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı islahatlar dayanır. Maddi-texniki bazanın gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması, peşə hazırlığının müasir standartlara uyğunlaşdırılması və idarəetmədə çevikliyin artırılması polis fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olub. Bu gün Azərbaycan polisi təkcə cinayətkarlıqla mübarizə aparan struktur deyil, həm də dövlətin müasir idarəetmə modelinin uğurlu nümunələrindən biridir. Son illərdə vətəndaş məmnunluğunun yüksəlməsi, müraciətlərin operativ araşdırılması və şəffaflığın təmin olunması daxili işlər orqanlarının cəmiyyətlə münasibətlərində yeni keyfiyyət mərhələsi formalaşdırıb. Polis artıq yalnız hüquq-mühafizə orqanı kimi deyil, həm də vətəndaşın gündəlik həyatında güvəndiyi sosial institut kimi çıxış edir. Bu gün polisə olan inamın artması, vətəndaş məmnunluğunun yüksəlməsi və xidmətin keyfiyyətinin yaxşılaşması bu qurumun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirir. Müasir dövrdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyi təkcə cinayətkarlığa qarşı mübarizə ilə deyil, həm də cəmiyyətlə qurduğu münasibətlərin səviyyəsi ilə ölçülür. Bu baxımdan Daxili İşlər Nazirliyi yanında İctimai Şura polis-vətəndaş və polis-vətəndaş cəmiyyəti münasibətlərinin inkişafında mühüm səmərəli dialoq platformasına çevrilib. Şura ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş müraciətlərinin araşdırılması, monitorinqlərin aparılması, hüquqi maarifləndirmə tədbirlərinin təşkili və ictimai rəyin öyrənilməsi vasitəsilə cəmiyyətlə polis arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan polisi zəfərin, dövlətçiliyimizin və ictimai sabitliyimizin gündəlik həyatdakı ən etibarlı təminatçılarından, istiqlalımızın polad dayaqlarından biridir. Daxili İşlər Nazirliyinin tarixi – qəhrəmanlıq, fədakarlıq və peşəkarlıqla əsaslanan şanlı salnamədir. Bu tarix həm də gələcəyə olan inamın, təhlükəsiz və sabit Azərbaycanın təminatının təməllərindəndir. Azərbaycan polisi 35 illik müstəqilliyin əksərən görünməyən qəhrəmanlarıdır... Onlar 108 ildir Azərbaycanın növbətçiləri, keşikçiləridir... Onlar istiqlalın polad dayağı, dövlətçiliyin sipəri, sabitliyin qalxanı, xalqın təhlükəsizlik təminatıdır... Onlar yatmayanda Azərbaycan rahat yatır... Ən nəhayət, Polis - qəhrəmanlığın gündəlik adıdır... Əməkdar jurnalist İxtiyar Hüseynli, Xüsusi olaraq “Qafqazinfo” üçün