Naranın qarğışı tutdu: İkardi sevgilisindən ayrıldı
Məşhur futbolçu Mauro İkardi ilə aktrisa Çina Suaresin münasibətlərinin başa çatdığı iddia edilib. Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, təxminən bir il yarımdır birlikdə olan cütlüyün ayrılığına münasibətlərdə yaranan ciddi fikir ayrılıqları səbəb olub. İddialar "Salvese Quien Pueda" televiziya proqramında səsləndirilib. Jurnalist Yanina Latorrenin sözlərinə görə, son həftələrdə cütlük arasında yaşanan gərginlik, tez-tez baş verən qısqanclıq mübahisələri və eyni evdə yaşamağın yaratdığı problemlər münasibətləri çıxılmaz vəziyyətə gətirib. Məlumata əsasən, münasibətə son qoymaq qərarını Çina Suares verib. Bildirilir ki, aktrisa yaranmış vəziyyətin davam etməsini istəməyərək ayrılmaq qərarına gəlib. Jurnalistin iddiasına görə, bu qərardan sonra Mauro İkardi ağır psixoloji sarsıntı keçirib və ayrılığı çətin qəbul edib. Qeyd edək ki, Mauro İkardi və Çina Suaresin münasibəti ötən ilin yanvar ayında başlamış və cütlük uzun müddət medianın və sosial şəbəkə istifadəçilərinin diqqət mərkəzində olmuşdu. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin