İmişlidə Polis Günü qeyd olundu — Fotolar
İmişli rayonunda “2 İyul – Azərbaycan Polisi günü” peşə bayramı münasibətilə silsilə tədbirlər keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev, rayon prokuroru Valeh Səmədov, digər hüquq-mühafizə orqanlarının rəhbərləri və polis şöbəsinin əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Ardınca İmişli rayonu Şəhidlər xiyabanına gələn rəsmilər Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, polis mayoru İmamverdi Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, qəhrəmanımızın xatirəsinə olan ehtiramlarını bildiriblər. Tədbirin rəsmi hissəsi rayon Polis şöbəsinin inzibati binasında davam edib. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Giriş nitqi ilə çıxış edən İmişli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. O, respublikada sabitliyin təmin olunmasında, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin fədakarlığını xüsusi vurğulayıb. Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. Azərbaycan polisinin formalaşması, peşəkar bir qurum kimi təşəkkül tapması və kadr potensialının gücləndirilməsi prosesində Ümummilli Lider Heydər Əliyevin müstəsna və əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyevin Daxili İşlər Nazirliyinin fəaliyyətinə, polislərimizin maddi-texniki bazasının müasirləşdirilməsinə göstərdiyi yüksək dövlət qayğısını qeyd edərək, cinayətkarlıqla mübarizədə, ictimai asayişin və vətəndaşların hüquqlarının qorunmasında polisin üzərinə düşən vəzifələrin dövlətimizin sabitliyi üçün həyati əhəmiyyət daşıdığını bildirib. Digər çıxış edənlər də hüquq-mühafizə orqanları əməkdaşlarına cinayətkarlığa qarşı mübarizədə və vətəndaşların hüquqlarının qorunması kimi məsuliyyətli vəzifələrində uğurlar arzulayıblar. Daha sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşına növbəti rütbələr, fəxri fərmanlar təqdim edilib və pul mükafatları verilib. Tədbirin rəsmi hissəsindən sonra polis əməkdaşlarının peşə bayramı münasibətilə təşkil olunmuş ziyafət mərasimi keçirilib.

Şərh verin