"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)

Psixoloqun ailə münasibətləri və xəyanətlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, qadınların həyat yoldaşının telefonunu yoxlaması düzgün addım deyil və münasibətlərdə ilk etimadsızlıq da məhz bundan başlayır. Onun sözlərinə görə, xəyanəti sübut etməyə çalışmaq əvəzinə, ailədaxili münasibətlərin səbəblərini analiz etmək daha vacibdir. Psixoloq qeyd edib ki, qadın ilk növbədə həyat yoldaşının evə gəlmək istəməməsinin səbəblərini düşünməli, ailədə sağlam və rahat mühit yaratmağa çalışmalıdır. O, həmçinin cəmiyyətdə formalaşan "xəyanət varsa, mütləq boşanmaq lazımdır" düşüncəsinin hər zaman doğru yanaşma olmadığını vurğulayıb. Mütəxəssis əlavə edib ki, qadın nə kişini xəyanət etməyə məcbur edə, nə də onu bu addımdan çəkindirə bilər. Onun fikrincə, xəyanət qərarı fərdin şəxsi seçimidir və məsuliyyət də həmin şəxsin üzərinə düşür. Psixoloqun bu açıqlamaları birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi səsləndirilən fikirlərlə razılaşsa da, digərləri bu yanaşmanı tənqid edərək müxtəlif mövqelər ortaya qoyublar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)