"Arzum" yenidən hakim qarşısına çıxarılacaq

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a təqsirləndirilən tiktokerin vəkili Hikmət Əliyev məlumat verib. Vəkilin bildirdiyinə görə, İlduzə Hacıyeva Xəzər Rayon Məhkəməsinin barəsində çıxardığı qərardan narazıdır. Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə məhkəməyə xanım tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi. Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. "Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)