Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu — Video
Norveç millisinin hücumçusu Erlinq Haaland təkcə Dünya Çempionatındakı möhtəşəm oyunu ilə deyil, həm də illər əvvəl yazdığı replə yenidən diqqət mərkəzinə düşüb. “Qafqazinfo” xəbər verir ki, “Mançester Siti”nin ulduz futbolçusunun 2016-cı ildə dostları Erik Botheim və Erik Tobias Sandberqlə birlikdə hazırladığı “Kygo jo” adlı mahnı sosial şəbəkələrdə yenidən populyarlaşıb. O zaman cəmi 15 yaşı olan Haaland “Lyng” təxəllüsü ilə mahnıda rep ifa edib. Mahnının ev şəraitində çəkilmiş klipində Haaland dostları ilə birlikdə qril hazırlayır, batutda tullanır və oyuncaq avtomobildə görüntülənir. Aradan on il keçməsinə baxmayaraq, video yenidən gündəmə gələrək, “YouTube” platformasında 21 milyondan çox baxış toplayıb. Haalandın mahnısı Norveç millisinin DÇ-dəki uğurlu çıxışından sonra daha da məşhurlaşıb. Azarkeşlər sosial şəbəkələrdə mahnının stadionlarda səsləndirilməsini istəyiblər. Norveçli məşhur DJ Kygo da “Kygo jo” mahnısının yeni house-remiksini təqdim edib. Bu versiya “Spotify” və digər platformalarda sürətlə yayılmağa başlayıb. Sosial şəbəkələrdə mahnı ilə bağlı çoxsaylı şərhlər paylaşılır. Bəzi istifadəçilər “Futbol dünyası böyük bir musiqiçini itirib”, digərləri isə “Norveç İngiltərəni məğlub etsə, bu mahnı stadionda səslənməlidir” yazıblar. Qeyd edək ki, Norveç millisi DÇ-nin 1/8 final mərhələsində Braziliyanı 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin dörddəbir finalına yüksəlib. Həmin görüşdə komandasının hər iki qolunu Erlinq Haaland vurub. Norveç yığması dörddəbir final qarşılaşmasında İngiltərə ilə üz-üzə gələcək.

Şərh verin