Dünya çempionatının finalında ilk yaşanacaq

2026-cı il futbol üzrə Dünya Çempionatının final oyunu yalnız meydandakı mübarizə ilə deyil, həm də tarixə düşəcək yeniliyi ilə diqqət çəkəcək. Milli.Az xəbər verir ki, iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatında yerləşən "MetLife" stadionunda keçiriləcək həlledici qarşılaşmada ilk dəfə olaraq final matçının fasiləsində xüsusi musiqi şousu təşkil olunacaq. Məlumata görə, 11 dəqiqə davam edəcək proqramda Castin Biber, Madonna, Şakira və BTS qrupunun üzvləri səhnəyə çıxacaqlar. Şounun bədii rəhbəri isə "Coldplay" qrupunun solisti Kris Martin olacaq. FIFA və "Global Citizen" təşkilatının açıqlamasına əsasən, tədbirdə afrobeats ifaçısı Burna Boy, venesuelalı dirijor Qustavo Dudamel və Nyu-Yorkun Staten-Aylend bölgəsindən olan PS22 məktəb xor kollektivi də çıxış edəcək. Castin Biber Dünya Çempionatının insanları bir araya gətirən xüsusi bir tədbir olduğunu vurğulayaraq, belə bir layihədə yer almaqdan məmnunluq hissi keçirdiyini bildirib. Fasilə şousunun əsas məqsədi FIFA-nın Qlobal Vətəndaş Təhsil Fonduna dəstək verməkdir. Layihə çərçivəsində uşaqların təhsil və idman imkanlarının genişləndirilməsi üçün 100 milyon dollar vəsait toplanması nəzərdə tutulur. Bunun üçün turnir ərzində satılan hər biletin dəyərindən fonda 1 dollar ayrılacaq. "Global Citizen" təşkilatının həmtəsisçisi Hyu Evans bildirib ki, bu tədbir "Live Aid" layihəsindən sonra ortaq məqsəd naminə sənətçilərin ən böyük bir araya gəlməsi olacaq və televiziya tarixinin ən çox izlənilən musiqi çıxışlarından birinə çevrilə bilər. Qeyd edək ki, DÇ-2026-nın final oyunu iyulun 19-da ABŞ-də baş tutacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)