Böyük Britaniyada keçmiş nazir qətlə yetirildi

Böyük Britaniyanın keçmiş naziri və tanınmış siyasətçisi Enn Viddekom evində ölü tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı qətl istintaqına başlanılıb, bir nəfər saxlanılıb. Mühafizəkarlar Partiyasının hökumətlərində nazir, İcmalar Palatasının və Avropa Parlamentinin üzvü olmuş 78 yaşlı siyasətçi iyulun 9-da İngiltərənin cənub-qərbindəki Dartmur bölgəsində yerləşən evində ağır xəsarətlərlə aşkarlanıb. Devon və Kornuoll polisi bildirib ki, yerli vaxtla saat 11:40 radələrində daxil olan çağırışdan sonra hadisə yerinə göndərilən təcili yardım briqadaları Viddekomun həyatını xilas edə bilməyib. Polis siyasətçinin ölümünü şübhəli hadisə kimi qiymətləndirərək, qətl istintaqına start verib. İş üzrə 26 yaşlı Britaniya vətəndaşı saxlanılıb. Devon və Kornuoll polisinin rəis müavini Mett Lonqman ilkin araşdırmaların nəticələrinə əsasən, hadisənin terror aktı kimi qiymətləndirilmədiyini bildirib. Onun sözlərinə görə, hazırda cinayətin siyasi motivlə törədildiyini göstərən hər hansı dəlil yoxdur. Qeyd edək ki, 1947-ci ildə anadan olan Enn Viddekom uzun illər Britaniya siyasətinin tanınmış simalarından biri olub. O, 1993-1995-ci illərdə məşğulluq üzrə dövlət naziri, 1995–1997-ci illərdə isə keçmiş baş nazir Con Meycorun hökumətində həbsxanalar üzrə dövlət naziri vəzifəsində çalışıb.