Məhkəmə Baydenin oğluna 1,7 milyon dollar təzminat ödənilməsinə qərar verdi

ABŞ-də Los-Anceles məhkəməsi Overstock.com onlayn satış şirkətinin keçmiş rəhbəri Patrik Berni ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Baydenə 1.7 milyon dollar ödəməyə məcbur edib. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, bu barədə məhkəmənin elektron bazasında dərc olunan sənəddə bildirilib. Hanter Bayden 2023-cü ilin avqustunda Bernə qarşı iddia qaldırıb. Buna səbəb Bernin Hanterin İran hökuməti ilə əlaqə saxlamağa və həmin vaxt dövlət başçısı vəzifəsində olan Co Bayden tərəfindən İran aktivlərindəki 8 milyard dolların dondurulmasının aradan qaldırılması müqabilində onlardan 800 milyon dollar almağa çalışması barədə bəyanatları olub. "İddiaçının xeyrinə qərar çıxarılır. İddiaçıya nominal kompensasiya olaraq 1 dollar və cərimə xarakterli zərər əvəzi olaraq 1.7 milyon dollar ödənilir", - hakimin qərarında qeyd olunub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)